Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.06.2022 17:30
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə əvvəlcə institutun Bərpa olunan enerji növlərinin çevrilmələri laboratoriyasının rəhbəri, fizika elmləri doktoru, dosent Mətanət Mehrabovaya “Sabahın alimləri” XI respublika müsabiqəsində nailiyyət qazanmış şagirdlərin elmi layihələrinə rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarları İttifaqı tərəfindən verilmiş sertifikat, həmçinin rəhbərlik etdiyi şagirdlərdən ibarət “gFuture” komandasının “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının “Yaşıl texnologiyalar” müsabiqəsinin final mərhələsində iştirakına görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “TEKNOFEST” tərəfindən verilmiş sertifikat, eləcə də “Virtual Azərbaycan” və “Vision TV” tərəfindən verilmiş təşəkkürnamə təqdim edilib.

Sonra institutun Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılovaya “Dünya Ətraf Mühit gününə həsr olunmuş intellektual oyunda aktiv iştirakına görə” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş sertifikat və müəssisənin gənc alimi, fizika üzrə fəlsəfə doktoru Günel İmanovaya dosent diplomu təqdim olunub.

İclasda daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi”ndən irəli gələn məsələlərin müzakirəsinə dair Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və İnnovasiyalar” işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması” üzrə alt qrupunun keçirilmiş dördüncü iclası və onun protokolu haqqında fikir mübadiləsi aparılıb.

Həmçinin, iclasda institutun Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Rauf Sərdarlının “Radiasiya materialşünaslığı” ixtisasından professor, Radiokimya və radioprotektorlar laboratoriyasının əməkdaşı, biologiya elmləri doktoru Sevil Məmmədlinin dosent elmi adı alması üçün səsvermənin keçirilməsi, “İzotop mənşəli şüa mənbələri” elmi-təcrübi kompleksinin mühəndis tədqiqatçısı Səbinə Məhərrəmovanın Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna ezam edilməsi və Polimer və elektroaktiv materialların radiasiya fizikası laboratoriyasının elmi işçisi Asif Nəbiyevin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda apardığı son tədqiqat işləri haqqındakı məsələlərə baxılıb.

Sonda Radiasiya Problemləri İnstitutunda yanğın təhlükəsizliyi üzrə əlavə tədbirlər və digər cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: