Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Adil Qəribovun yeni kitabı nəşr olunub
01.07.2022 14:40
  • A-
  • A
  • A+

Akademik Adil Qəribovun yeni kitabı nəşr olunub

AMEA Rəyasət Heyətinin üzvü, akademik Adil Qəribovun “Nüvə enerjisinin istifadəsi: Durum, problemlər və perspektivlər” kitabı çapdan çıxıb.

Bu günlərdə “Elm” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan xalqının Vətən müharibəsindəki şanlı qələbəsinə həsr olunub.

15 fəsil, 180-dən çox yarımfəsildən ibarət olan geniş həcmli əsərdə neytron və neytron mənbələri, neytronların maddələrlə qarşılıqlı təsir prosesləri, neytronların köçürülməsi nəzəriyyəsi, nüvə reaktorları mühitində neytron fizikası, nüvə reaktorunda nüvələrin parçalanma prosesləri, nüvə reaktorları, nüvə materialları, nüvə enerjisininin istifadə imkanları, perspektivləri, problemləri və s. haqqında müfəssəl məlumatlar, tədqiqat materialları yer alır.

Əsərin əvvəlində qeyd olunduğu kimi, başlanğıcını 1954-cü ildən götürən nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi bu günə kimi müxtəlif mərhələlərdən keçib. Nüvə parçalanma proseslərinin həyata keçirilməsində əsas vasitə olan neytronlara böyük diqqət yetirilib və artıq sərbəst neytron fizikası kimi təşəkkül tapıb. Neytronların təsiri ilə parçalanma prosesləri həyata keçirmək üçün ilkin olaraq tədqiqat, sonralar isə digər xarakterli reaktor texnologiyalarından istifadə olunmağa başlanılmışdır.

Bu gün həmin reaktorlar əsasında böyük elmi, praktiki və əsasən də energetik əhəmiyyət kəsb edən nüvə reaktor texnologiyaları işlənilib istifadə olunur. Nüvə parçalanma proseslərinə əsaslanan müasir nüvə texnologiyaları, nüvə elmlərini neytronsuz təsəvvür etmək qeyri-mümkündür.

Təqdim olanan kitabı şərti olaraq iki hissəyə ayırmaq olar. Birinci hissədə neytron, neytron fizikası, nüvə reaktoru və nüvə reaktor fizikası haqqında praktiki nöqteyi-nəzərdən əhəmiyyətli olan qısa məlumatlar verilib. İkinci hissədə isə nüvə və nüvə reaktor materialları, nüvə enerjisinin istifadəsi, bugünkü durumu, problemlər və perspektivlər haqqında danışılır.

Kitab məzmunca orijinal olub həm dərslik, həm də monoqrafik yeni nəticələrdən ibarətdir.

Kitab tələbələr, magistr, doktorant, elmi işçilər və geniş oxucu auditoriyası üçün əhəmiyyətli ola bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: