AMEA-nın Yüksək Texnologiyalar Parkının inkubator rezidenti, fərdi sahibkar Maya Səbzəliyeva 19 iyun – 2 iyul tarixlərində Almaniyanın Ulm şəhərində menecment sahəsində beynəlxalq ixtisasartırma kursunda iştirak edib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində biznesin idarə edilməsi sahəsində təlimlər və müvafiq biznes sahəsi ilə əlaqəli olan alman şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində görüşlər keçirilib. Maya Səbzəliyeva 10-a yaxın qabaqcıl alman şirkətini ziyarət edib, onların iş prinsipləri və istehsal prosesləri ilə tanış olub.
Qeyd edək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2022-2023-cü illərdə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçirilən “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma kursu fərdi sahibkarlar və menecerlər üçün nəzərdə tutulmuşdur. Proqram Almaniya və Azərbaycan arasında biznes əlaqələrinin gücləndirilməsi, yeni əməkdaşlıq münasibətlərinin yaradılması baxımından mühüm əhəmiyyətə malikdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.