AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin baş direktoru, professor Fərman Quliyev açaraq Elmi şuranın yeni tərkibinin və iş planının təsdiqi,eləcə də Ekspert şurasının yaradılması barədə məlumat verib. Hər iki məsələ müzakirələrdən sonra təsdiq edilib.
Sonra mərkəzin elmi işlər üzrə direktor müavini, Herontoloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova “Lənkəran və Astara rayonlarında uzunömürlülərin tədqiqinin vəziyyəti” mövzusunda hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, hesabat dövründə 5 rayonda - Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda uzunömürlülərin siyahısı tərtib olunub, sorğu anketi hazırlanıb, məlumat bankı yaradılıb. Natiq, həmçinin indiyədək aparılan tədqiqat işləri zamanı əldə edilən spesifik nəticələri iclas iştirakçılarının nəzərinə çatdırıb. Məruzə ətrafında şuranın üzvlərindən texnika elmləri üzrə fəlsəfə doktoru İltifat Kərimov, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərov və başqaları çıxış edib, sual və təkliflərini bildiriblər.
Müzakirələrdən sonra hesabat müsbət dəyərləndirilib. Sonda cari məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.