Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.07.2022 14:24
  • A-
  • A
  • A+

Akademik Fəxrəddin Qədirov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda çıxış edib

Akademik Fəxrəddin Qədirov “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda çıxış edib

5 iyul 2022 tarixində Bakıda  “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə hibrid formatda beynəlxalq konfrans keçirilib.

Konfransın işində Xəzəryanı ölkələrin mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici ekspertlər iştirak ediblər. Konfransda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, Neft və Qaz İnstitutunun baş direkoru, akademik Fəxrəddin Qədirov, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, c.e.d. Zakir Eminov və digərləri iştirak ediblər.

Konfransı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev konfrans iştirakçılarına videoformatda müraciət edib. Müraciətdə o Xəzər dənizinin aktual problemləri, bu sahədə ölkəmizdə görülən tədbirlər, milli və regional uyğunlaşma planlarının və “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası” timsalında regional əməkdaşlığın əhəmiyyəti barədə məlumat verilib. AMEA-nın adından akademik Fəxrəddin Qədirov konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. O konfransdakı məruzəsində AMEA institutlarında Xəzər dənizinin səviyyə dəyişmələrinin müasir metodlarla tədqiq edildiyini və əldə edilən bəzi yeni elmi nəticələri iştirakçıların diqqətinə təqdim edib. Xəzər dənizi regionunu 21-ci əsrin neft biznesinin mərkəzlərindən  birinə çevrildiyini qeyd edən məruzəçi bununla yanaşı, regionun geodinamik və ekoloji problemlərinin, iqlim dəyişmələri və səviyyə tərəddüdləri ilə əlaqəsinin elmi araşdırılmasının aktual problem olduğunu xüsusi qeyd edib. Akademik Fəxrəddin Qədirov Xəzərin səviyyə tərəddüdləri səbəblərinin öyrənilməsi və proqnozu məqsədi ilə Xəzər ətrafı dövlətlərin alimlərindən ibarət konsorsiumun yaradılmasının və birlikdə tədqiqatların aparılmasının məqsədə uyğun olduğunu vurğulayıb. Məruzədə qaldırılan problemlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: