Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatları Bakı Ekspo Mərkəzində keçirilən XXII Beynəlxalq "Xəzər neft və qaz 2015" (Caspian Oil & Gas 2015) sərgisində iştirak edir. Tədbirin açılışında AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezident, akademik İbrahim Quliyev, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, akademiyanın institut və təşkilatlarının direktorları, əməkdaşlar, o cümlədən Rəyasət Heyəti Aparatının Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva iştirak edib.
Azərbaycanın təbii sərvəti olan neftin tarixini, bu sahədə aparılan elmi-tədqiqat nəticələrini özündə əks etdirən sərgi məhsulları ilə pavilyonda AMEA-nı Geologiya və Geofizika, Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-Üzvi Kimya, Aşqarlar Kimyası, Polimer Materialları, Coğrafiya, Tarix, İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika institutları, eləcə də Təcrübə-Sənaye Zavodu və Respublika Seysmoloji Xidmət Mərkəzi təmsil edir. Xəzəryanı ölkələrin energetika sahəsində ən böyük tədbir hesab edilən sərgi sayəsində dünya elmi ictimaiyyəti azərbaycanlı alimlərin nailiyyətlərindən, araşdırmalarından xəbərdar olacaq, həmçinin Azərbaycanın elmi uğurları beynəlxalq aləmə inteqrasiya etmək üçün daha bir imkan qazanacaq.
"Xəzər neft və qaz 2015" (Caspian Oil & Gas 2015) sərgisində təqdim olunan neft sənayesinə dair videoçarxlar, hər üç dildə buklet, kitab və müxtəlif tipli nəşrlər, yağlar və digər məhsullar, ümumiyyətlə akademiyanın ixtiraları, elmi nailiyyətləri və yeni texnoloji avadanlıqların nümayişi alimlərimizin uğurlarının geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. Dünyanın 27 ölkəsindən 315 şirkətin qatıldığı sərginin məqsədi, əsasən bu sahədəki beynəlxalq əməkdaşlığı genişləndirmək və daha mütəşəkkil münasibətlərin əsasını qoymaqdır.
İyunun 5-nə qədər davam edəcək sərgi ziyarətçilər üçün açıq elan edilib. Qeyd edək ki, iyunun 4-də "Marriott Hotel"də keçiriləcək konfransda ilk dəfə olaraq azərbaycanlı alimlər məruzələrlə çıxış edəcək. Akademik İbrahim Quliyevin "Xəzər dənizində qaz hidratları" və İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevin "Gücdən düşmüş mədənlərin neftqazçıxarma obyektlərinin rentabelliyini yaxşılaşdıran intellektual "robast noise" nəzarət diaqnostika idarəetmə texnologiyaları və sistemləri" adlı məruzələri dinləniləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir