Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

17.07.2022 12:38
  • A-
  • A
  • A+

Professor Abbas Seyidov Azərbaycan-Almaniya birgə ekspedisiyasının apardığı arxeoloji tədqiqatlarla tanış olub

Professor Abbas Seyidov Azərbaycan-Almaniya birgə ekspedisiyasının apardığı arxeoloji tədqiqatlarla tanış olub

İyulun 16-da AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov Almaniya Arxeologiya İnstitutu ilə bağlanmış müqaviləyə əsasən, birgə ekspedisiyanın Ağdam və Ağcabədi rayonları ərazisində apardığı arxeoloji qazıntı işləri ilə tanış olub.

Ekspedisiyanın məqsədi Qarabağ düzənliyində yerləşən - e.ə.VI-IV minilliklərə aid yaşayış məskənlərində müxtəlif elm sahələrinin köməyi ilə arxeoloji tədqiqatların aparılmasının səmərəliliyinə nail olmaqdır.

Baş direktor ilk olaraq Ağdam rayonunun Eyvazlı kəndi ərazisində 1984-1990-cı illərdə mərhum arxeoloq, AMEA-nın müxbir üzvü İdeal Nərimanovun tədqiq etdiyi Leylatəpə abidəsində bu gün müasir üsullarla aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.

Almaniya tərəfindən ekspedisiyanın rəhbəri Mark İserlis qazıntılar haqqında məlumat verib.

Azərbaycan tərəfdən isə ekspedisiyanın rəhbəri, t.ü.f.d., dosent Xəqani Alməmmədov  bu il eyni mədəniyyətə aid 13 abidəyə baxış keçirildiyini, dronla çəkilişlər, topoqrafik işlər aparıldığını, 3D modellərinin hazırlandığını söyləyib.

İkinci baxış yeri Ağcabədi rayonunun Sarıcalı kəndi ərazisində yerləşən Canavartəpə abidəsi olub. Arxeoloji qazıntı işləri və maddi mədəniyyət nümunələri ilə yaxından tanış olan baş direktor arxeoloqlara işlərində uğurlar arzulayıb və onlarla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, hazırda tədqiqatlar davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: