AMEA-nın Yüksək Texnologiyalar Parkı və Koreya Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında icra edilən “Azərbaycanda Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın artırılması” layihəsi çərçivəsində 3 günlük onlayn seminar keçirilib.
Tədbirdə STEPİ, Koreya Respublikasının Hanbat Milli Universiteti, Enerji Tədqiqatların İnstitutu, Seul Hongneung İnnoşəhər, Patentlərin Kommersiyalaşdırılması Platforması, Delta-Tech Korea LTD, Sungkyugwan Universiteti, Seul Milli Universiteti və Seul Elm və Texnologiya Universitetinin ekspertləri və yerli məsləhətçilərin təqdimatları dinlənilib.
Universitet-sənaye əməkdaşlığı, Koreya Tədqiqat institutularının texnoloji transfer siyasətləri, tex-startaplar və qlobal biznes, texnoloji qiymətləndirmə, texnologiyaların kommersiyalaşdırılmasının inkişafı, texnologiyaların kommersiyalaşdırılması üzrə AMEA YTP-nin inkişaf proqramı mövzularında təqdimatlar innovativ klasterlər, innovativ şəbəkələr, startapların beynəlmiləlləşdirilməsi, sənaye təhsili, tədqiqat və sənayedə ehtiyacların müəyyən edilməsi, patent əsasında kreditləşmə, müştəri kəşfi, beynəlxalq startap proqramları, Azərbaycan startaplarının Koreya innovasiya ekosisteminə inteqrasiya edilməsi və digər maraqlı spesifik istiqamətlər üzrə müzakirələr aparılıb. Həmçinin Azərbaycan innovasiya ekosistemi üçün Texnologiyaların Kommersiyalaşdırılması üzrə onlayn Platformanın (TTCP) qurulması prosesi ilə bağlı məlumatlar təqdim edilib.
Tədbirdə AR Əqli Mülkiyyət Agentliyinin, müxtəlif universitetlərin, Təhsil İnstitutunun və digər dövlət qurumları və özəl sektorun nümayəndələri iştirak ediblər. Həmçinin mövzularla bağlı sorğular cavablandırılıb, iştirakçılara sertifikatların təqdim edilməsi qərarlaşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.