Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

19.07.2022 15:52
  • A-
  • A
  • A+

Pakistanlı alimlər Nizami məqbərəsində...

Pakistanlı alimlər Nizami məqbərəsində...

Böyük Azərbaycan şairi Nizami Gəncəvi “Xosrov və Şirin” məsnəvisində tarixə işıq tutan beytləri ilə yazırdı:

Dedim: Məni görmək istəsə,  hər kim,

Beytimdə görünər ona surətim.

Şeiri oxunanda bu Nizaminin,

Özü də hər sözdə görünər, yəqin

Gizlədib özünü verməzmi nişan,

Sənə hər beytində bir sirr danışan?

Yüz il sonra sorsan, bəs o hardadır?

Hər beyti səslənər: Burda, burdadır...

Dahi mütəfəkkirin XII əsrdə söylədiyi bu kəlamlarını XIII əsrdə Hindistanın filosof şairi, musiqiçisi Əmir Xosrov Dəhləvi ustadını dərin məhəbbətlə belə yad edirdi:

Söz xəzinəsinə, mülkünə hakim,

Gəncə hünərvəri o böyük alim.

Qızıl rəngli meyi əlinə aldı,

O içdi səfanı, xılt bizə qaldı...

Hər iki həkimin, filosofun tarixin dərin qatlarından gələn sözlərinə XV əsrdə özbək xalqının böyük oğlu Əlişir Nəvai isə özünəməxsus şəkildə qüvvət verərək yazırdı:

O Gəncə torpağında yatan müqəddəs insan,

Şeir xəzinələri yaratdı kəlamlarından.

Qiymətli incilərlə bəzədi bu aləmi,

Yoxdur o incilərin sayı ulduzlar kimi.

Nizami, bu dünyada kimi tay tutsam, sənə

Şeirinin qüdrətinə bərabər olmaz yenə...

Nizami Gəncəvi haqqında söylənən belə ölməz fikirlərin sırasını, siyahısını bütün əsrlərin kontekstində genişləndirmək olar. Elə bir dövr, yüzillik, əsr olmamışdır ki, o əsrdə ulu Nizami xatırlanmasın, ustad kimi qəbul edilməsin. Məhz bu yanaşmaların, hissiyyatların,  qədirşünaslıqların sirrini, əsrarını Nizami Gəncəvinin ömrünü, əsərlərinin mövzusunu, məfkurəsini həsr etdiyi qovuşduruculuğunda, bəşəriliyində axtarmaq lazımdır. Dilindən, dinindən, irqindən aslı olmayaraq bütün insanlığı qucaqlayan Nizami Gəncəvi Azərbaycanın - Gəncənin yetirdiyi dünya vətəndaşıdır...

Bəli, o bütün dövrlərdə ayıran deyil, qovuşduran, birləşdirən, barışdıran bir irs, nəsihətnamələr qoyub getmişdir.

Təvazökarlıqla “yüz il sonra sorsan” desə də,  kəlamlarında, əsərlərində ehtiva edilən insan sevgisi, iksiri cahanın əbədiyyəti nisbətində yaşayacaqdır.

Nizami Gəncəvi “Hər beyti səslənər: Burda, burdadır” - deməklə oxunan hər misrasında göründüyünü ifadə etməklə qalmamış, onun haralı olduğunu, harada onu ziyarət etməyin mümkün olduğunu düşünənlərə də açıq qapı buraxmışdır. “Harutu yandıran Gəncə mənim Babilimdir” deyən Nizami Gəncəvini və onun doğma şəhərindəki türbəsini mərhum akademik Həmid Araslının da ifadə etdiyi kimi ölümündən sonra insanlar ziyarət etmiş, pənah gətirmişlər.

Dünən də gəlmişdilər, bu gün də gəlirlər, sabah da gələcəklər... Çünki onları buralara gətirən dahi Nizaminin əsərlərindəki sehrdir, əfsundur...

Bu gün yenə gəlmişdilər. Bu gələnlər çox doğma idilər. Dahi Nizami Gəncəvinin budəfəki ziyarətçiləri, qonaqları tarixin bütün dövrlərində, xüsusən 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işində yanında olan qardaş Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universitetinin alimləri, başqa ifadə ilə desək, Məhəmməd İqbalın nəvələrinin nəticələri, nəticələrinin nəvələri, bir sözlə o soydan gələnlər idilər.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin birbaşa təşəbbüsü ilə gerçəkləşən səfər Nizami məqbərəsində sözün əsl mənasında Nizami Gəncəvi təntənəsi ilə yadda qaldı.

15-18 iyul 2022-ci il tarixlərində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilmiş  “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” mövzulu konfransda iştirak etmək üçün Bakı şəhərinə gələn Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universitetinin alimləri - həmin universitetin Urdu dili kafedrasının müdiri, professor Saima İram, kafedranın dosenti Almaz Xanum, Ərəbşünaslıq və İslamşünaslıq kafedrasının müdiri, Dr. Hafiz Məhəmməd Nayem, Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi,  Urdu dili kafedrasının dəvət olunmuş məruzəçisi Məhəmməd Hammad Niyazi və başqaları 17 iyul 2022-ci il tarixində Gəncə şəhərinə - Nizami məqbərəsini ziyarət etməyə gəldilər.

Ədəbiyyat İnstitutunun icraçı direktoru, dosent Mehman Həsənlinin və baş menecer Rəşad Qasımovun müşayiət etdiyi qonaqları AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, Əməkdar elm xadimi, professor Xəlil Yusifli, Gəncə Bölməsinin İşlər İdarəsinin müdiri Rasim Tağıyev, Nizami Gəncəvi  Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Nizami Gəncəvi Məqbərə kompleksinin müdiri Gülnarə İsmayılova, muzeyin və məqbərənin bələdçiləri Ləman Nemətova,  Hava Hüseynova və digər əməkdaşlar qarşılayıblar.

Qonaqlar əvvəlcə dahi şairin uyuduğu məqbərəni, ata-anasının məzarını ziyarət edərək ruhlarına dualar oxumuş, daha sonra isə Nizami Gəncəvi Muzeyini ziyarət ediblər.

Görüş əsnasında professor Xəlil Yusifli Nizami Gəncəvinin həyat və yaradıcılığından, Azərbaycan şairi kimi ümumbəşəri ideyaların carçısı olmasından, mənsub olduğu Azərbaycan xalqına rəğbətindən geniş söhbət açıb. Qonaqlar da öz növbəsində məhz Nizami Gəncəvi əsərlərinin müasir çağımızda ən böyük tədqiqatçısının məhz onun şəhərində yaşamasından məmnun olduqlarını bildiriblər.

Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov da öz növbəsində professor Xəlil Yusiflinin fikirlərinin davamı olaraq Nizami məqbərəsinin tarixindən, dahi mütəfəkkirin doğma Gəncəsi ilə bağlı söylədiyi beytlərdən nümunələr gətirməklə çıxışını davam etdirib.

“Biz Nizaminin doğma məkanındayıq. Nizami Gəncəvi bütöv yaradılışı ilə, ruhu və düşüncəsi ilə buradadır - Gəncədədir. Bura çox müqəddəs məkandır. Burada hər şey hava, su kimi aydındır. Bu gün çox sevincliyik, çünki Nizami ilə birlikdəyik”, - deyə Nizami məqbərəsini ziyarət edən qonaqlar düşüncələrini dilə gətiriblər.

Daha sonra qonaqlar 44 günlük Vətən müharibəsində erməni silahlı qüvvələri tərəfindən  Gəncə şəhərinin raket hücumuna məruz qalmış ərazisinə baş çəkib və şəhid olanların ruhlarına dərin ehtiramlarını bildiriblər.

Səfər çərçivəsində qonaqlar Cavad xan türbəsini, Qafqaz İslam Ordusunun şəhidlərinə Gəncə şəhərində ucaldılmış memorial abidəni, Şah Abbas məscidini və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasını da ziyarət ediblər.

Əlimuxtar MUXTAROV, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: