Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

05.08.2022 18:00
  • A-
  • A
  • A+

Ömür vəfa etsəydi

Ömür vəfa etsəydi

Dünyaya göz açan hər bir kəsin öz həyat yolu, tale yazısı olur deyirlər. Bu ömrün hər anını dəyərləndirərək yaşamaq, vaxtını boşuna israf etməmək insanın özündən asılıdır. Kimisi uzun ömür yolunu mənasız işlərə sərf edir, kimisi taleyinə yazılan qısa həyatında müsbət mənada çox şeyə nail ola bilir. Gənc yaşlarında alim adını almış biologiya üzrə fəlsəfə doktoru Tural Qasımovu məhz ikincilərə aid etmək olar. Onun haqqında keçmiş zamanda bəhs etmək, əlbəttə ki, çox çətindir. Evin tək övladı olan Turalı valideynləri ziyalı, alim görmək istəyirdi. Lakin bunlar hələ irəlidə idi.

Tural Paşa oğlu Qasımov 20 oktyabr 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2004-cü ildə Gəncə şəhəri 25 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. O, yaşıdlarından əməksevərliyi, kollektivə tez qaynayıb-qarışmaq xüsusiyyəti, məntiqli düşüncə tərzi ilə seçilirdi. Müəllimlərinin arıq, çəlimsiz, lakin çox zəkalı olan bu uşağa ümidləri böyük idi. Tural da bu etimadı doğrultmağa çalışırdı. Məktəb illərində onun ədəbiyyata böyük marağı olmuş, şeirlər yazmışdır. “Şəhidlər müqəddəsdir” mövzusunda inşa müsabiqəsində birinci yeri tutmuşdur. “İlin ən yaxşı şagirdi” adına layiq görülən Tural dəfələrlə fənn olimpiadalarında iştirak edərək, bir çox müsabiqələrin qalibi olmuş, kimya olimpiadasının şəhər turunda isə birinci yerə layiq görülmüşdür.

Elmə olan marağı Turalın tale yolunu Bakı Dövlət Universiteti (BDU) ilə kəsişdirir. O, 2005-ci ildə ali məktəbə qəbul imtahanlarında iştirak edərək, universitetin Biologiya fakültəsinin tələbəsi adını qazanır. 2009-cu ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək elə həmin il Bakı Dövlət Universitetinin Biofizika və molekulyar biologiya kafedrasının magistraturasına daxil olur. Tural burada da böyük uğurlar qazanaraq, gələcək nailiyyətləri üçün təməl yarada bilir. 2010-cu ildə BDU-nun aspirant və magistrantları üçün nəzərdə tutulan 50+50 qrant proqramının qalibi olur.

Tural Qasımov 2011-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirir və “Molekulyar biologiya” ixtisası üzrə AMEA-nın Botanika İnstitutunun doktoranturasına daxil olur. Akademik İradə Hüseynovanın elmi rəhbərliyi altında seçilmiş mövzu üzrə eksperimentlər apararkən kimyəvi reaktivlərə qarşı allergiyası ilə bağlı tədqiqat işini dayandırmaq məcburiyyətində qalır. Biologiyanın istənilən sahəsinə yiyələnmək üçün yüksək elmi potensiala malik olan Tural akademik İradə Hüseynovanın tövsiyəsi ilə “Botanika” ixtisası üzrə tədqiqat aparmaq yolunu seçir və AMEA-nın Rəyasət Heyətinin müvafiq qərarı əsasında ixtisasını dəyişir.

AMEA-nın Botanika İnstitutu ilə Almaniyanın Freie Universiteti arasında imzalanmış memoranduma əsasən, Tural Qasımov 2014-2015-ci tədris ilində doktorantura təhsilini və elmi tədqiqatlarını Almaniyanın Berlin şəhərində, Freie Universitetinin nəzdində olan Berlin Botanika Bağı və Botanika Muzeyində davam etdirir.

Tural Qasımov 15-27 aprel 2015-ci il tarixlərində Freie Universitetinin əməkdaşı Dr. Parolly ilə Azərbaycanın müxtəlif bölgələrində ekspedisiyalarda olur, dərman əhəmiyyətli briofit bitkilərin sistematik analizini həyata keçirir. 2016-cı ildə Freie Universitetində təhsilini və tədqiqatlarını uğurla bitirməsi haqda sertifikat aldıqdan sonra gənc mütəxəssis Botanika İnstitutunda Alqologiya və lixenobiologiya laboratoriyasında elmi fəaliyyətini davam etdirərək, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışır.

Ümumilikdə, 20 elmi əsərin müəllifi olan Tural Qasımov 2016-2017-ci illərdə 4 müxtəlif beynəlxalq konfransda məruzələrlə çıxış etmişdir. Onun 2 elmi əsəri beynəlxalq simpozium materiallarına (Symposium on EuroAsian Biodiversity, 23-27 May 2016, Antalya, Türkiyə; Symposium on EuroAsian Biodiversity, 5-8 July 2017, Minsk, Belarus) daxil edilmişdir. Dr. Parolly və prof. Kürschnerin həmmüəllifliyi ilə 2 məqaləsi “Thomson Reuters” və “Web of Science” bazalarında indeksləşən nüfuzlu “Herzogia” (İF – 0,825) və “Crypogamie” (İF – 1,25) jurnallarında çap edilmişdir. Bu məqalələrdə əks olunan elmi nəticələr nəinki Azərbaycan, eyni zamanda Qafqaz brioflorası üçün yeni idi.

Qeyd olunan nailiyyətlər 2018-ci ilin əvvəlində Tural Qasımovun “Azərbaycanın bozqır yaylasının briofitləri” mövzusunda mamırlara həsr olunmuş dissertasiya işinin ilk müzakirəsinin keçirilməsinə imkan vermişdir. Müzakirə zamanı öz məruzəsinə Məmməd Arazın “Vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim” sətirləri ilə başlaması isə onun həqiqətən öz işinə qeyri-adi məhəbbətlə yanaşmasına bir nümunə idi. Sonralar o, bu jesti belə əsaslandırmışdı: “Hələ məktəb yaşlarımda əzbərlədiyim bu şeirdəki mamır kəlməsindəki fəlsəfəni axtaracağımı haradan biləydim?”

29 may 2018-ci ildə Botanika İnstitutunda dissertasiya işini uğurla müdafiə edən Tural Qasımova Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Tural Qasımov, həmçinin Botanika İnstitutunun elmi və ictimai həyatında yaxından iştirak edərək, müxtəlif mövzulara həsr olunmuş konfrans və tədbirlərdə öz fəallığı ilə seçilirdi. Buna onun erudisiyası, gözəl nitq qabiliyyəti və zəngin mənəvi aləmi kömək edirdi. Şəhidlərin xatirəsinə həsr etdiyi məruzəsi, şerləri xüsusilə təsiredici, yaddaqalan idi.

Elmi axtarışları ilə yanaşı, intelektual səviyyəsi, dünyagörüşü, idarəetmə bacarığı ilə seçilən Tural Qasımov 2018-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin elm şöbəsində elmi işçi, 2019-cu ildən isə şöbə müdiri vəzifələrində çalışmışdır. Burada o, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olmuş, universitetdə tələbələrə ixtisas fənlərini tədris etmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsində Elm və innovasiyalar üzrə dekan müavini vəzifəsinə dəvət olunmuş, həmçinin bu tədris ocağında pedaqoji fəaliyyətini davam etdirmişdir. O, müəllimlik peşəsinə yüksək dəyər verirdi və xüsusilə orta məktəblərdə işini sevən və dərindən bilən müəllimlərin çalışmasını arzulayırdı. Gənc alimlərlə bağlı tədbirlərin birində Tural müəllimlərlə Günəş arasında maraqlı bir bənzətmə vermişdir: “Bioloji sistemin əsası Günəşdir. Günəş çıxmasa, bitkilər işığı almasa, enerji yarana bilməz. Yaranan enerji ardıcıl şəkildə bir canlıdan digərinə ötürülür. Müəllim də bir Günəşdir. O Günəş daim öz işığı ilə şagirdlərində enerji yaratmalıdır ki, bu enerji ətrafa və digər canlılar aləminin üzvlərinə ötürülsün”.

Bax, belə idi bizim istedadlı gənc alim, pedaqoq Tural Qasımov... O da Günəş kimi şagirdlərinə enerji verərək, yeni, innovativ düşüncəli, bilikli elmi-tədqiqatçılar yetişdirmək, cəmiyyət həyatının bütün sahələrində ölkəmizin inkişafı naminə öz töhfəsini vermək istəyirdi... Ancaq əfsus ki, amansız əcəl onu vaxtsız yaxaladı. Yaradıcılığının çiçəkləndiyi dövrdə - 32 yaşında həyatdan köçən Turalın arzuları yarımçıq qaldı...

Qəribə də olsa, həyatla vidalaşmasına yaxın vaxtlarda ölüm xofu sanki izləyirdi Turalı... “...Hər gecə yatanda dəfn edirik biz, ömrün bir gününü öz əlimizlə... Daha gecələr yatmayacağam...” - deyən Tural, hətta sosial şəbəkəyə aşağıdakı statusunu da yerləşdirmişdi: “Yer planetində baş verənlər yordu məni. Birdən bu şikayətimdən UFO (Unidentified Flying Objects, yəni uçan naməlum obyektlər-UNO) xəbər tutub, gecənin bir aləmində məni 90 dərəcəli bucaq altında əyib, yuxarıya uçurtmaz ki? Yox e getmirəm, yuxarıda nə işim var? Aşağıda işlər çoxdu hələ....”

Bəli... Əhvalının pis olduğu halında belə öz pozitivliyini, yumor hissini itirməyən Tural bu dünyadan getmək istəmirdi... Elmi işlərini davam etdirmək, vətənimizə baş ucalığı gətirmək, cəmiyyətimiz üçün savadlı kadrlar yetişdirmək istəyirdi... “Gələcəkdə dünyada gedən elm savaşında gənc alimlərimizin də payı olacaqdır” - deyən Tural öz elmi biliklərinə, yüksək potensialına güvənərək, hələ çox kəşflər, yeniliklər etmək istəyirdi... Həmçinin akademik İradə Hüseynovanın elmi məsləhətçiliyi ilə doktorluq dissertasiyası üzərində çalışmaq planları vardı.

Sonuncu ad günündə özünə olan arzuları da oxşar məzmunda idi: “...Özümə arzum budur ki, biogeosenozun canlı komponenti kimi hər nəfəs aldığımda təbiətdən istifadə etdiyim 25 sm3 oksigen bütün kapillyarlarımdan keçərək, bədənimi qidalandırsın, ruhumu aydınlatsın. Sağlam bədənim olsun ki, ruhum da sağlam olsun. Tək bioloji varlıq kimi boşuna oksigen tükətməyim, yaşadığım və olduğum hər bir cəmiyyətə xeyirli homo sapiens olmağı nəsib etsin mənə yaradan...”

Tanrı ondan heç nəyi əsirgəməmişdi: gözəl qaməti, xoş xasiyyəti, gülər üzü ilə hamıda xoş təəssürat yaradırdı. Turalı yaxından tanıyanlar uşaq kimi kövrək, həssas qəlb sahibi olduğunu yaxşı bilirdilər. Bu əlamət insanlarla rəftarına bəzən qeyri-adi səmimiyyət verərək, onu daha da nəcibləşdirirdi.

Yaşasaydı, yaradardı... Ancaq əfsuslar olsun ki, 17 iyun 2020-ci il tarixi başının üstünü almış qara buludlardan bixəbər Turalın bu dünya ilə son vida və əbədiyyətə qovuşduğu gün oldu... Təəssüf ki, üstündə yarpaq kimi əsdikləri, bütün varlıqları ilə bağlı olduqları, həyatlarının mənası hesab etdikləri yeganə övladlarının büsatını görmək, arzusunda olduqları nəvə sevincini yaşamaq onun valideynlərinə nəsib olmadı. Çox heyif… Ancaq nə etməli, bu da bir tale yazısı, qısa, mənalı ömrün bir tarixçəsidir.

Haqq dünyasına qovuşanları xatırlayan, səslərini, simalarını yadda saxlayan insanlar durduqca, onlar birdəfəlik yox olmurlar... Azərbaycan gənclərinə örnək olan Tural Qasımovun da xatirəsi onu tanıyanların, sevənlərin qəlbində daim yaşayacaq, yeri həmişə görünəcək və sağ ikən qazandığı rəğbətlə yad ediləcəkdir...

Allah ona qəni-qəni rəhmət eləsin. Allah əzizlərinə səbr versin. Amin!

Xuraman XƏLİLOVA, Botanika İnstitutunun elmi katibi

Afiq MƏMMƏDOV, AMEA-nın vitse-prezidenti xidmətinin elmi katibi

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: