Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.08.2022 20:38
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi düzüb, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyini ziyarət edən kollektiv ulu öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub.

Daha sonra AMEA-nın Naxçıvan Bölməsində bölmənin 20 illik fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Rəsmi hissə ilə davam edən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təbrikini çatdırıb, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Naxçıvan Muxtar Respublikasında elmin inkişafındakı səmərəli fəaliyyətinə görə təltif edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanını akademik İsmayıl Hacıyevə təqdim edib.

Emin Məmmədov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin böyük önəm verdiyi Azərbaycan elminin inkişaf konsepsiyası bu gün dövlət siyasətinin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2016-cı il 14 iyun tarixli Fərmanı ilə “Elm haqqında” qanunun qəbul edilməsi, 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin Azərbaycan Respublikasında “Elm günü” kimi təsis edilməsi ölkəmizdə elmin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib.

Dövlət elm siyasətinin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 23 avqust 2014-cü il tarixli Fərmanı ilə Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublikasının Mükafatlar Komissiyası, 4 sentyabr 2014-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu təsis edilib. Bugünədək Bilik Fondunun dəstəyi ilə muxtar respublikada çox sayda kitab və jurnallar nəşr edilib.

Ali Məclis Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması muxtar respublikada müasir elmi nəticələrin əldə olunmasında, alimlərin elmi-tədqiqat layihələrinin uğurlu tətbiqində, gənc alimlərin formalaşmasında, elm və təhsilin inkişafı istiqamətində yeni bir mərhələ təşkil etməyə başlayıb.

Kollektivin diqqətinə çatdırılıb ki, 20 illik fəaliyyəti dövründə AMEA-nın Naxçıvan Bölməsi bir çox elmi nailiyyətlər əldə etmiş, vacib elmi araşdırmalarla məşğul olmuşdur. Muxtar respublika üçün mühüm istiqamətlər üzrə tədqiqatların aparılmasına diqqət artırılmış, yüksək elmi əhəmiyyətli kitab və monoqrafiyalar hazırlanmışdır.

Bu gün də bölmə qarşısında duran bir sıra mühüm vəzifələr mövcuddur. Naxçıvanın tarixi, arxeologiyası, mədəniyyəti, xalqımızın milli dəyərləri, ədəbi-bədii fikir tarixi, etnoqrafiyası və folklorunun öyrənilməsi istiqamətində tədqiqatların davam etdirilməsi, milli-mənəvi dəyərlərlə bağlı məsələlərin azərbaycançılıq məfkurəsi mövqeyindən araşdırılması, müasir texnologiyaların mənimsənilməsi və digər məsələlər bundan sonra da qarşıda duran vəzifələrdəndir. İnanırıq ki, AMEA-nın Naxçıvan Bölməsi bundan sonrakı fəaliyyətində də Azərbaycan elmini zənginləşdirəcək, tariximizin, ədəbiyyatımızın öyrənilməyən səhifələrinə aydınlıq gətirəcək.

Tədbirdə çıxış edən AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin yaradılması, 20 illik fəaliyyəti dövründə əldə olunan mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat verib. Akademik bildirib ki, Naxçıvan Regional Elmi Mərkəzi, Naxçıvan Elmi-Tədqiqat Bazası, Şamaxı Astrofizika Rəsədxanasının Batabat və Ağdərə stansiyaları əsasında yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində 6 elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərir. Hazırda bölmədə 2 nəfər AMEA-nın həqiqi üzvü, 4 müxbir üzvü, 5 elmlər doktoru, 51 fəlsəfə doktoru olmaqla, ümumilikdə 92 elmi işçi tədqiqatla məşğuldur. Elmi əməkdaşlardan 47 nəfərin professor və dosent adı var. Cari ilin birinci yarısında 3 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmişdir.

Hər bir elmi müəssisənin, elmi işçinin fəaliyyətinin əsas göstəricisinin yazdığı tədqiqat əsərlərində əksini tapdığını söyləyən bölmə rəhbəri diqqətə çatdırıb ki, bölmənin fəaliyyəti dövründə əməkdaşların 10849 əsəri, o cümlədən 260 monoqrafiyası, 240 kitabı nəşr olunmuşdur. Əsərlərdən 30 monoqrafiya, 19 kitab və 2176 elmi məqalə, bütövlükdə 2309-u xarici ölkələrdə çapdan çıxmışdır. Elmi məqalələrdən 358-i “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda çap edilmişdir. Əməkdaşların əsərlərinə 1690 istinad qeydə alınmışdır. Bölmə əməkdaşları bugünədək 37 patent almış, 4-ü beynəlxalq olmaqla 23 qrant layihəsində qalib olmuşlar.

İsmayıl Hacıyev Naxçıvan Bölməsinin beynəlxalq əlaqələri, əməkdaşlıq etdiyi elm və təhsil müəssisələri, aparılan ekspedisiyaların müvəffəq nəticələri, habelə elmdən istehsala prinsipi əsasında görülən işlər, istehsal olunan məhsullar haqqında tədbir iştirakçılarını məlumatlandıraraq elmlə təhsilin inteqrasiyası ilə bağlı bölmənin fəaliyyətindən söz açıb.

Akademik çıxışının sonunda Naxçıvan Bölməsinin müasir standartlara uyğun maddi-texniki baza ilə təmin olunduğunu, elm adamlarının hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirib.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin onlayn formatda çıxışı dinlənilib. Akademik AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasını Azərbaycan elminin inkişafında mühüm əhəmiyyətə malik olan hadisə kimi qiymətləndirib. Bölmənin Naxçıvanın təbii sərvətlərinin, tarixinin, mədəni irsinin və müasir inkişafının öyrənilməsi sahəsində uğurla fəaliyyət göstərdiyini nəzərə çatdırıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev AMEA-nın Naxçıvan Bölməsini təsis etməklə Naxçıvan alimlərinin qarşısına əsrlərdən bəri tarixi Azərbaycan torpaqlarına göz dikən erməni vandallarına və onların tərəfdarlarına konkret elmi əsaslarla, elmi həqiqətlərlə cavab vermək missiyası qoymuşdur. Bu missiyanın uğurlu icrası nəticəsində qədim oğuz yurdu Naxçıvanın ən qədim zamanlardan Azərbaycana məxsusluğunu sübut edən fundamental əsərlər ərsəyə gəlmişdir. Naxçıvan Bölməsi ötən 20 il ərzində Azərbaycan elminin Naxçıvan məktəbini formalaşdırmışdır. Bölmənin fəaliyyəti elmin, dövlətçiliyin, vətənpərvərliyin sintez halında olması ilə səviyyələnir.

Natiq bölmə alimləri tərəfindən elmin müxtəlif sahələri üzrə görülən işlər, əldə olunan nailiyyətlər haqqında fikirlərini çatdırıb. Bu inkişafın alimlərin yorulmaz fəaliyyəti ilə yanaşı, elmə, elmə adamlarına yaradılan münbit şəraitdən qaynaqlandığını bildirib. Akademik Naxçıvanın elm mühitini AMEA-nın Naxçıvan Bölməsinin yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək muxtar respublikada elmin inkişafı sahəsində görülən mühüm işlərdən danışıb. Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsis olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun elmə, elmə adamlarına verdiyi töhfədən söz açıb.

Bölmənin təhsil müəssisələri ilə etdiyi səmərəli əməkdaşlıqdan bəhs edən nazir söyləyib ki, bölmə alimləri tədris etdikləri nümunəvi və interaktiv dərslər zamanı şagirdlərin elmi biliklərini zənginləşdirməklə yanaşı, həm də gənc nəsil üçün nümunədirlər.

Vurğulanıb ki, “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhə­rindəki orta ümumtəhsil məktəbləri­ şagirdlərinin bölmə alimləri tərəfindən tədqiqatlara cəlb edilməsinin, əldə olunan uğur­lu nəticələrin məktəblilərdə elmə marağın artırılmasında böyük əhəmiyyəti vardır.  

Yubiley tədbirində Bioresurslar İnstitutunun baş direktoru, biologiya elmləri doktoru İsmayıl Məmmədov Naxçıvan Bölməsində təbiət elmləri sahəsində görülən işlər, WWF və IDEA ilə əməkdaşlıq çərçivəsində aparılan araşdırmalar və bölmə alimlərinin əldə etdikləri elmi nəticələrdən bəhs edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək təmsil etdiyi institutun 20 illik fəaliyyətinin fundamental əsərlərdə, kitab və monoqrafiyalarda əksini tapdığını bildirib. Qeyd olunub ki, beynəlxalq və yerli arxeoloji ekspedisiyalar zamanı aşkara çıxarılan elmi həqiqətlər bölgənin qədim insanların əsas yaşayış məskənlərindən biri olduğunu sübut etmiş, bu faktlar beynəlxalq elmi ictimaiyyətə çatdırılmışdır.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən gənclər siyasəti barədə çıxış edən Təbii Ehtiyatlar İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, gənc alim Eltun İbrahimov Naxçıvan Bölməsinin gənc əməkdaşlarının bu siyasətdə rolu və elmin inkişafına verdikləri töhfədən bəhs edib.

Çıxışların ardından bölmənin 10 əməkdaşı səmərəli elmi fəaliyyətinə görə AMEA-nın Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

Sonda Naxçıvan Bölməsinin 20 illik fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: