Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.09.2022 11:24
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının Tehranda yayımlanan “Xudafərin” jurnalında “Azərbaycanın tarixi-maddi mənəvi abidələri erməni işğalı altında” adlı məqaləsi dərc olunub.

S.Talıblı məqalədə qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzü zamanı qədim Azərbaycan torpaqlarında, o cümlədən Qarabağ və ətraf rayonlarda 1600 müsəlman dini abidəmiz ermənilər tərəfindən dağıdılıb, 1700 tarix və mədəniyyət abidəsinin üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib, erməni işğalı altında qalan 27 muzey və şəkil qalereyasından qarət olunan yüz min eksponatın taleyinə aydınlıq gətirilməyib. 500-dək tarixi memarlıq, 100-dən artıq arxeoloji abidə, fondlarında on minlərlə əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənət məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konsert təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri - xalçalar, tikmə naxışlı qədimi geyimlər, zərgərlik və misgərlik əşyaları və s. Ermənistanın silahlı hərbi təcavüzü nəticəsində yandırılıb, talan-qarət edilib, Ermənistana daşınaraq saxtakarlıqla özününküləşdirilib, yaxud da onların bir qismi xarici ölkələrdə “erməni mədəniyyətinin nümunələri” adı altında satılıb.

Tarixçi-alim vurğulayıb ki, Azərbaycan dövləti və xalqı öz tarixi, əzəli torpaqlarında haqlı və beynəlxalq hüquqa söykənən mübarizəsini davam etdirərək 30 ilə yaxındır işğal olunmuş Azərbaycan torpaqlarında anti-terror əməliyyatı həyata keçirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlik etdiyi ordumuz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, təcavüzkar Ermənistan dövlətinin beynəlxalq və regional güclərin hərtərəfli dəstəyi ilə xalqımıza qarşı etdiyi etnik təmizləmə, köçürülmə, soyqırımı və vandalizmin qısasını aldı.

Bundan başqa, məqalədə Qarabağda dağıdılmış və təcavüzə məruz qalmış Alban abidələri, Erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı beynəlxalq və regional təşkilatların mövqeyi, erməni təcavüzü nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı Azərbaycan Respublikasının atdığı addımlar və s. məsələlər öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: