Sentyabrın 13-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan şuranın sədri, AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova tədbir iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.
Tədbirdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistr pilləsi üzrə 2022/2023-cü tədris ili üçün “Molekulyar biologiya”, “Biotexnologiya”, “Biokimya” və “Bitki fiziologiyası” ixtisasları üzrə tədris planları müzakirə edilərək qəbul olunub.
İnstitutun Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova 2022/2024-cü tədris ilində İnstitutun magistraturasına qəbul olunmuş tələbələr, habelə 2022-ci tədris ilində institutun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul olunmuş dissertantlar haqqında məlumat verib.
Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən akademik Y.S.Nasırovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən müəssisə əməkdaşları - b.e.d., dos. Şahniyar Bayramov, b.ü.f.d., dos. Ulduzə Qurbanova və gənc alim Aynurə Paşayeva tədbir barədə, Türkiyənin Ankara Universitetindən ezamiyyədən qayıdan Bioadaptasiya laboratoriyasının böyük elmi işçisi, b.ü.f.d. Səmra Mirzəyeva orada yerinə yetirdiyi tədqiqatlar haqqında şura üzvlərinə məlumat verib.
Daha sonra Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Nərgiz Sultanovanın, Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Aygün Sadıqovanın Türkiyənin İstanbul şəhərinə və Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının kiçik elmi işçisi Sevinc Musayevanın Antalya şəhərinə ezam edilməsi məsələlərinə baxılıb.
İclasda, həmçinin Xloroplastların fotokimyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dos. Fazilə Qasımovanın 65 illik yubileyinin keçirilməsi, 27 sentyabr – Anım günü ilə əlaqədar tədbirlər planı və digər təşkilati məsələlər müzakirə olunaraq uyğun qərarlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.