“AgroDairy” MMC-nin kənd təsərrüfatı üzrə müşaviri Məmmədzadə Nəbiyev 22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransında çıxış edib.
M.Nəbiyev konfrans iştirakçılarını Azərbaycanın aparıcı və iri taxılçılıq şirkətlərindən biri olan “Agro Dairy” şirkətinin rəhbərliyi adından salamlayıb. O, 2015-ci ildən fəaliyyətə başlayan şirkətin ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müasir və yenilikçi ideyalarını verməyə və onları iş prosesində tətbiq etməyə çalışdığını diqqətə çatdırıb.
Şirkətin fəaliyyət istiqamətlərindən bəhs edən M.Nəbiyev qeyd edib ki, “Agro Dairy”nin əsas məqsədi yeni ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi, növbəli əkin sistemi, idxalın yerli istehsalla əvəz edilməsi, intensiv aqrotexnologiyaların tətbiqi ilə keyfiyyətli məhsulun istehsalı, eləcə də su, iqim və torpaq ehtiyatlarının daha səmərəli istifadəsi və şirkətin həyata keçirdiyi layihələrin əhatə etdiyi regionların sosial və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılmasına töhfə verməkdir.
O, Samux rayonunun Qaraağaclı kəndi ərazisində 3 min hektar, Tovuz rayonunun Ceyrançöl massivində 7 min hektar, Padarçöl ərazisində 7128 hektarda yaradılmış bitkiçilik təsərrüfatlarının səmərəli və davamlı inkişafının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı intensiv bitkiçilik təsərrüfatının yaradılması, buğda, arpa, qarğıdalı, şəkər çuğunduru, soya, yonca və digər bitkilərin istehsalında yüksək məhsuldarlıq və keyfiyyətə nail olunması, torpaqların münbitliyinin artırılması, torpaq eroziyasının qarşısının alınması, həmçinin pivot suvarma sistemi ilə su ehtiyatlarının rasional istifadəsi, güclü insan resursları bazasının inkişafı üçün gənc mütəxəssislərin cəlb olunması və potensialının artırılması istiqamətində görülən işlər haqqında məlumat verib.
“Agro Dairy” 2018-ci ildən toxumçuluq fəaliyyəti də göstərməyə başalmış və bu fəaliyyət sahəsində ölkənin ərzaq təhlükəsizliyinin artırılmasını, milli toxum ehtiyatının elmi əsaslı inkişafını və xaricidən toxum asılılığını azaltmağı hədəfləmişdir”, - deyə bildirən məruzəçi şirkətin əsas prioritetinin ərzaqlıq buğda istehsalı olduğunu diqqətə çatdırıb.
Bildirib ki, şirkət 2021-ci ildən nəinki Azərbaycanda, həmçinin dünyada ilk dəfə olaraq toxum emalında yeni hesab edilən “plug and play” texnologiyalarını tətbiq etməyə başlamışdır: “Bu texnologiya kənd təsərrüfatının davamlı inkişafı, xüsusilə də kənd təsərrüfatı prosesinə yüksək texnologiyaların tətbiqi baxımından ümumi iqtisadi inkişafı şərtləndirən ən vacib amil kimi dəyərləndirilir”.
M.Nəbiyevin sözlərinə görə, intensiv və kreativ bitkiçilik texnologiyalarının tətbiqi nəticəsində “Agro Dairy” üzrə son 3 ildə 10 min hektardan artıq sahədə orta məhsuldarlıq 5,0-5,5 ton arasında olmuş, ayrı-ayrı sahələrə bu göstərici 7,0-8,7 ton/hektar təşkil etmişdir.
O, çıxışının sonunda əldə edilmiş təcrübənin işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı intensiv bitkiçilik təsərrüfatının yaradılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.