Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2022 19:00
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində Anım günü qeyd olunub

Hüseyn Cavidin Ev Muzeyində Anım günü qeyd olunub

Hüseyn Cavidin Ev Muzeyində Anım günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra muzeyin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış edib. O, öz nitqində bu tədbirin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirildiyini qeyd edib. Alim Ali Baş Komandanın polad iradəsinin, düşünülmüş beynəlxalq siyasi strategiyasının, ordu və xalq birliyinin mühüm rolundan danışıb. Bildirib ki, 2020-ci ildə Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün müddətində mənfur düşmənə sarsıdıcı zərbə vurdu. Bu müddət ərzində ordu və xalq birliyi öz sözünü dedi. Azərbaycan xalqı 30 ilə yaxın düşmən tapdağında qalan əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdi. Əsgər və zabitlərimiz misilsiz rəşadət göstərərək adını tarixə yazdı. Bu, elə bir dərs idi ki, yağı düşmən onu heç zaman unutmayacaq.

Daha sonra tədbir iştirakçıları İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəman zabit və əsgərlərimizin bəzilərinin həyat hekayəsini səsləndirib, onların döyüş yoluna nəzər salıb, müharibə zamanı Azərbaycan ordusunun apardığı uğurlu hərbi əməliyyatlardan danışıb, ordumuzun mühüm hərbi-strateji obyektləri necə ələ keçirdiyi barədə məlumat veriblər.

Tədbirin sonunda Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı “44 günün qəhrəmanları” mövzusunda sənəd, şəkil və foto materiallardan ibarət sərgi təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: