Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

2023-cü il Əliyevşünaslıqda yeni tarixi mərhələ olacaq
04.10.2022 14:55
  • A-
  • A
  • A+

2023-cü il Əliyevşünaslıqda yeni tarixi mərhələ olacaq

2023-cü il mayın 10-da Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamı mühüm siyasi sənəd olub qarşıdan gələn ildə Böyük Öndərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinin və  siyasi irsini daha dərindən araşdırılması və təbliği istiqamətində yeni imkanlar açır.

Heydər Əliyev dünya tarixinin elə nadir və parlaq şəxsiyyətlərindən biridir ki, onun ictimai-siyasi və dövlətçilik fəaliyyəti xüsusi elmi mərkəzin araşdırma mövzusu ola bilər. Onun Azərbaycanın milli dövlətçiliyinin təşəkkül tapmasında, sosial-iqtisadi və mədəni-mənəvi dirçəlişindəki genişmiqyaslı fəaliyyəti, nəinki Azərbaycanın, həm də bütün dünyanın tanınmış siyasətçilərini, politoloqlarını, tarixçilərini, sosioloqlarını və digər elmi sahə mütəxəssislərini dərindən maraqlandırmış və bugün də onun siyasi irsi onların diqqət mərkəzində olaraq qalır.

Dahi Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolu vardır. Sərəncamda qeyd edildiyi kimi, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

XX əsr Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm mərhələni təşkil edir. Bu əsr ərzində xalqımız iki dəfə öz dövlət müstəqilliyini əldə etmişdir. Birinci dəfə 1918-ci ildə İslam Şərqində ilk demokratik respublika yaratmaqla dünya birliyinə müstəqil yaşamaq qabiliyyətini sübut etmişdir. Təəssüf ki, bu respublika xarici müdaxilə, beynəlxalq təminatın olmaması səbəbindən süqut etdi. Cümhuriyyətin süqutunu şərtləndirən digər amillərdən biri də bütün siyasi qüvvələri öz ətrafında birləşdirəcək liderin olmaması idi. Cümhuriyyətin süqutundan sonra 70 il ərzində sovet sistemində yaşasa da Azərbaycan xalqı öz iqtisadiyyatını, elm, təhsil və mədəniyyətini inkişaf etdirmişdir. Xüsusən həmin əsrin 70-80-ci illərində çox böyük uğurlara imza atılmış, gələcək müstəqil həyatımızın iqtisadi, mədəni-mənəvi potensialı təşəkkül tapmış, milli kadr problemi həll edilmişdir. Bu uğurların əldə edilməsində xalqımız birinci növbədə həmin dövrdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin fövqəladə və cahanşümul liderlik istedadına borcludur. O, 1982-ci ildə Moskvaya SSRİ-nin ali siyasi rəhbərliyinə təyin olunarkən bizə çiçəklənən bir ölkə qoyub getmişdi.

1982-1987-ci illərdə SSRİ-nin ali siyasi  rəhbərliyində təmsil olunan Heydər Əliyev yenə də öz fitri istedadı ilə insanlarda ruh yüksəkliyi yaratmaq, yeni işlərə həvəsləndirmək, novatorluq və kreativliyi ilə ətrafındakı inert rəhbərlərdən kəskin şəkildə fərqlənirdi. Məhz bu fərqləndirici xüsusiyyətlərinə görə, Heydər Əliyev bir sıra xarici ekspertlərin diqqətini cəlb etmiş, bir sıra nüfuzlu nəşrlərdə onun haqqında yazılar dərc olunmuşdur. Təsadüfi deyildir ki, o, sovet rəhbərliyinə ən layiqli namizəd hesab edilirdi. Lakin Qorbaçovun onun dünya və SSRİ məkanındakı formalaşmış yüksək nüfuzuna qısqanclıqla yanaşması, Heydər Əliyevin müstəqilliyi, baş verən proseslərə özünün fərdi münasibəti son nəticədə bu böyük şəxsiyyətin Kremldən uzaqlaşmasına gətirib çıxarmışdır.

Siyasi təqib və təzyiqlərə məruz qaldığına görə, öz doğma vətəninə qayıdan Heydər Əliyev Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvana rəhbərlik etdi. Heydər Əliyevin böyük dövlətçilik məharəti sayəsində muxtar respublika erməni təcavüzündən qurtuldu, həm də Azərbaycanın gələcək müstəqil inkişaf yolunun orentirinə çevrildi.

Taleyin hökmü ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, mühüm amillərlə yanaşı ölkəyə rəhbərlik etmiş siyasi qüvvələrin səbatsızlığı ucbatından 1993-cü ildə xalqımız müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalanda yenidən öz milli liderinə etibar etdi.

Heydər Əliyev qısa müddət ərzində, nəinki Azərbaycanı onu gözləyən bəlalardan və faciələrdən xilas etdi, həm də xalqımızın gələcək mütərəqqi inkişafını müəyyənləşdirən strategiyanı işləyib hazırladı, bugünkü uğurlarımızın və müvəffəqiyyətlərimizin təməlini qoydu. Sərəncamda qeyd edildiyi kimi Heydər Əliyev doğma vətənimizin xilası naminə misilsiz fədakarlıq göstərmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən öz xalqına, onun milli-mənəvi dəyərlərinə, dövlətçilik məfkurəsinə daim sadiq olmuşdur. Böyük intellektə, geniş dünyagörüşünə, qeyri-adi rəhbərlik qabiliyyətinə malik Heydər Əliyevin imza atdığı bütün qərarlar məhz Azərbaycanın gələcək sosial-iqtisadi, mədəni və mənəvi tərəqqisinin təmin edilməsinə yönəlmiş, dövlətimizin dünya birliyində layiqli yer tutmasına hesablanmışdır. Onun Azərbaycan Respublikasının Prezidenti kimi qəbul etdiyi qərarlarda, həyata keçirdiyi plan və proqramlarda ölkəmizin, nəinki müasir, hətta yüz illik inkişafının başlıca istiqamətləri göstərilmişdir. Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycanın yeni neft strategiyası bu gün dünyada mürəkkəb, dağıdıcı proseslərin getdiyi, yer kürəsində sülhün və təhlükəsizliyin çətin sınaqlar qarşısında olduğu, eləcə də dünyada böhranların və çağrışların artdığı bir zamanda xalqımızın nicat yollarından biri idi.

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilmiş siyasi islahatlar, mütərəqqi konstitusiyanın qəbul edilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində atılmış addımlar milli dövlətçiliyimizin dayanıqlı inkişafının qarantı olmuşdur.

Heydər Əliyevin dinindən, dilindən və sosial mənşəyindən asılı olmayaraq dövlətçilik baxışlarını özündə ehtiva edən azərbaycançılıq məfkurəsi bütün xalqımızı bir məqsəd uğrunda birləşdirən ideologiyaya çevrildi. Biz bunun nəticələrini İkinci Qarabağ müharibəsində bir daha dərk etdik. Xalqımız bir yumruq kimi birləşərək düşmənə ağır zərbə vurdu və öz ərazi bütövlüyünü bərpa etdi.

Bu gün Azərbaycan öz inkişafında qazandığı böyük uğurlara görə ilk növbədə Heydər Əliyevin zəngin və möhtəşəm siyasi irsinə borcludur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni sahədə qazandığı nailiyyətlər və ordu quruculuğunun nəticəsi olaraq Qarabağımızın işğaldan azad edilməsi, dövlətimizin, nəinki regional gücə, eləcə də dünya miqyasında söz sahibinə çevrilməsi Heydər Əliyevin strategiyasının həyatiliyinin əyani sübutudur.

Dünya tarixinin ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyev bizə çox zəngin siyasi, mənəvi irs qoyub getmişdir. Bu gün xalqımız bu zəngin irsə sadiqliyini və sevgisini hər sahədə nümayiş etdirir. Sərəncamda göstərildiyi kimi azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Onun adı bəşər tarixinin və dünya siyasətinin ən parlaq simaları ilə bir sırada çəkilir. Hər bir azərbaycanlı onun miras qoyduğu, qurucusu olduğu dövlətin vətəndaşı olması ilə fəxr edir, bu dövlətin daha da inkişaf etdirilməsi və çiçəklənməsi naminə ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti fəal şəkildə dəstəkləyir.

Ulu Öndərin gələcək nəsillərə əmanət qoyduğu bu zəngin və çoxşaxəli elmi-nəzəri irsi xalqımızın milli-mənəvi dəyəridir və onu qoruyub-saxlamaq hər bir Azərbaycan vətəndaşının şərəfli vəzifəsi olmalıdır.

Heydər Əliyevin xalqımız və millətimiz qarşısındakı böyük xidmətləri, onun çoxcəhətli fəaliyyəti daim öyrənilməli və təbliğ edilməlidir. Bu baxımdan dövlət başçısının müvafiq Sərəncamı biz tarixçilər qarşısında mühüm vəzifələr qoyur. Düzdür Heydər Əliyev irsinin öyrənilməsi sahəsində son dövrdə böyük işlər görülmüş, xüsusi elmi istiqamət Əliyevşünaslıq təşəkkül tapmışdır. Lakin bu istiqamətdə hələ görüləcək işlər çoxdur. İlk növbədə Heydər Əliyevin dövlətçilik fəaliyyətini özündə əks etdirən sənədlərin toplanması və nəşri vacib məsələlərdən biridir. Bugün Heydər Əliyev irsinin öyrənilməsi Azərbaycan ictimai-humanitar elminin əsas tədqiqat istiqamətlərindən birinə çevrilməlidir. A.A.Bakıxanov adına Tarix İnstitutunda Əliyevşünaslıq şöbəsi fəaliyyət göstərir. Fikrimizcə Ulu Öndərin 100 illiyi ərəfəsində bu sahədə elmi tədqiqatların daha yüksək səviyyədə təşkili və koordinasiyası məqsədilə Əlievşünaslıq sahəsində böyük təcrübəyə malik olan bu şöbəni Respublika mərkəzinə çevirmək yaxşı olardı. Hazırda bu şöbədə Əliyevşünaslığın bütün önəmli sahələrini əhatə edən xüsusi proqram hazırlanmışdır və həyata keçirilir.

Həmin proqramda Heydər Əliyevin həyatının, ictimai-siyasi fəaliyyətinin öyrənilməsi, onun fəaliyyətinin müxtəlif dövrlərinə aid olan sənədlərin ölkə və xarici arxivlərdən üzə çıxarılaraq sistemləşdirilməsi, nəşr edilməsi nəzərdə tutulur. Heydər Əliyevə həsr edilmiş respublika və beynəlxalq miqyaslı elmi konfransların keçirilməsi və bu konfransa nüfuzlu xarici alimlərin, tədqiqatçıların, ictimai-siyasi xadimlərin cəlb edilməsi planlaşdırılır. Heydər Əliyev ili çərçivəsində respublikanın tanınmış tarixçi-alimlərini cəlb etməklə “Heydər Əliyev – 100” elmi monoqrafiyasının hazırlanması sahəsində işlər davam etdirilir. Eyni zamanda, əməkdaşlarımızın Ulu Öndərin fəaliyyətinə həsr edilmiş məqalələrin hazırlaması, KİV-də onun irsinin təbliği ilə bağlı çıxışları nəzərdə tutulur.

Tam əminliklə qeyd etmək istəyirəm ki, bu Sərəncam Heydər Əliyev irsinin daha geniş və əhatəli öyrənilməsinə, bu böyük şəxsiyyətin Azərbaycan xalqı və dünya qarşısında xidmətlərinin tanıdılmasına mühüm təkan verəcək və “Heydər Əliyev İli” elan edilmiş 2023-cü il “Əliyevşünaslıq” elminin inkişafında yeni mərhələ olacaqdır. Bu isə Böyük Öndərimizin əziz xatirəsinə layiqli töhfə olacaq.

Ədalət QASIMOV, AMEA-nın Tarix İnstitutunun  Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: