Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rafael Hüseynov Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak üçün dəvət çıxışı edib
06.10.2022 16:22
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak üçün dəvət çıxışı edib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov 9-11 oktyabr 2022-ci il tarixində Türkiyənin Ərzincan şəhərində keçiriləcək Beynəlxalq Türk Dünyası Simpoziumunda iştirak üçün dəvət çıxışı edib.

O, çıxışında türk dövlətlərinin bugünkü birlik səviyyəsinə çatması üçün böyük bir yol qət etdiyini bildirib. Alim zaman ötdükcə daha sıx və yekdil bağlarla bir-birinə bağlanmış türk dünyasının kamilliyə çatması üçün ciddi işlərin görülməsinə, mühüm elmi tədqiqatların aparılmasına ehtiyac duyulduğunu vurğulayıb. Onun sözlərinə görə, bu ehtiyaca çatmağın əsas yolu mütəşəkkil körpülərdir: “Bu körpülər sayəsində bir-birimizi daha yaxşı anlayacaq, səsimizi daha aydın eşidəcəyik. Bu zaman birlik və gücümüz dəfələrlə artıq olacaq”.

Rafael Hüseynov Beynəlxalq Türk Dünyası Simpoziumunun etibarlı mənəviyyat, elm və düşüncə körpüsü kimi türk dünyası üçün mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu simpozium əsil-nəcabətimizi, kökümüzü daha dərindən başa düşmək, suallarımıza daha dəqiq cavablar tapmaq baxımından açılan vacib bir pəncərədir. Alim, həmçinin qeyd edib ki, bu simpozium dünyanın qabaqcıl ölkələrindən geri qalmamaq, onlardan daha parlaq üfüqlərə yüksələ bilmək və mütəşəkkil olmaq üçün bir-birimizdən güc almağa imkan verəcək.

Qeyd edək ki, beynəlxalq simpozium Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırım və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ərzincan Binəli Yıldırım Universiteti tərəfindən təşkil olunacaq. Simpozium türk dünyasının dili, tarixi, mədəniyyəti, incəsənəti, təhsili, diasporu, ticarəti, coğrafiyası, sosiologiyası, folkloru, antropologiyası, turizmi, beynəlxalq əlaqələri, iqtisadiyyatı, bələdiyyəsi, ilahiyyatı, dövlət idarəçiliyi, eləcə də hüquq, nəqliyyat və rabitə kimi bir çox sahələrdə elmi tədqiqatlar üçün ortaq platforma rolunu oynayacaq.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: