Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.10.2022 15:28
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu ilə Xəzər Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Geologiya və Geofizika İnstitutu ilə Xəzər Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda sözügedən elmi müəssisənin baş direktoru, akademik Akif Əlizadə və Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı arasında elmi-tədqiqat və pedaqoji sahələrdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanıb.

Müasir dövrdə elm və təhsilin qarşılıqlı əlaqələrini özündə ehtiva edən müqavilədə əsas məqsəd institutun alim və mütəxəssisləri ilə universitetin alim, müəllim və tələbə heyətləri arasında elmin və təhsilin təkmilləşdirilməsini, qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsini dəstəkləmək, elmlə təhsilin müasir vəhdət modelini yaratmaqdır.

Müqavilənin ümumi müddəalarında Yer elmləri və təhsilin müxtəlif sahələrinin innovativ inkişafı məqsədilə institut və universitetin mütəxəssisləri tərəfindən mütəmadi dəyirmi masaların təşkil edilməsi nəzərdə tutulur. Həmçinin elmi əsaslandırılmış təkliflərin hazırlanması və müvafiq dövlət qurumları qarşısında vəsatətin qaldırılması planlaşdırılır.

Sənəddə, eləcə də yeni dərslik və dərs vəsaitlərinə dair təkliflərin verilməsi və çapa hazırlanması, Geologiya və Geofizika İnstitutunun laboratoriyalarında Xəzər Universitetinin professor-müəllim heyətinin və tələbələrinin institutunun alimləri ilə birgə ekologiya, geologiya və geofizika elmlərinin müasir sahələri üzrə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Müqavilədə, həmçinin elmi-tədqiqat proqramlarının, layihələrinin hazırlanmasına və qarşılıqlı maraq doğuran digər elmi fəaliyyətlərin həyata keçirilməsinə diqqət yetirilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: