Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.10.2022 16:15
  • A-
  • A
  • A+

AMEA-da görkəmli tarixçi alim Əlövsət Quliyevin 100 illik yubileyi qeyd olunub

AMEA-da görkəmli tarixçi alim Əlövsət Quliyevin 100 illik yubileyi qeyd olunub

AMEA-nın Əsas binasında müasir milli tarix elminin akademik əsaslarını yaradan görkəmli alim, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Əvvəlcə foyedə professor Əlövsət Quliyevin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

Elmi konfrans Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva açaraq görkəmli alimin həyatı və elmi fəaliyyətindən danışıb. Bildirib ki, akademik milli tarixşünaslıq məktəbinin formalaşaraq inkişaf etdirilməsi professor Əlövsət Quliyevin adı və fəaliyyəti ilə bağlıdır. O, 3 cildlik “Azərbaycan tarixi” kitabının müəllifi olub. Bu əsərin iki cildinə Azərbaycan tarixinin bütün dövrlərinə aid elə məsələlər və faktlar daxil edilib. Üçüncü cild isə iki hissədən ibarətdir.

Akademik Gövhər Baxşəliyeva görkəmli tarixçi alimin elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu diqqətə çatdırıb. Əlövsət Quliyevin əsas fəaliyyətinin AMEA ilə bağlı olduğunu deyən məruzəçi onun iki dəfə Tarix İnstitutuna rəhbərlik etdiyini bildirib. Alimin sözlərinə görə, Tarix İnstitutunun respublikada tarix elminin əsas mərkəzinə çevrilməsi, keçmiş Sovet İttifaqının ən güclü elmi idarələrindən biri kimi tanınması məhz Əlövsət Quliyevin adı ilə bağlı olub.

O, bütövlükdə ölkə tarixinin aktual problemlərinə işıq salan Əlövsət Quliyevin 80-dək elmi əsərin müəllifi olduğunu deyib. Akademik Gövhər Baxşəliyeva görkəmli alimin əsərlərinin külliyat halında çap olunması təklifini irəli sürüb.

Sonra Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxış edərək Azərbaycan milli tarix elminin fundamental əsaslarının yaradılmasının böyük alimin adı ilə bilavasitə bağlı olduğunu söyləyib.

Kərim Şükürov bugünədək Tarix İnstitutuna rəhbərlik etmiş və Azərbaycanda tarix elminin təşkilində əvəzsiz xidmətləri ilə seçilən 11 direktordan biri olmuş Əlövsət Quliyevin bu sahədəki böyük fəaliyyəti ilə silinməz izlər qoyduğunu vurğulayıb.

O, görkəmli tarixçi alimin həyat və fəaliyyətinin fərqli istiqamətləri haqqında məlumat verib, institutda Əlövsət Quliyevin fəaliyyətini əks etdirən fondun yaradılmasının zəruriliyinə toxunub.

“Azərbaycan ziyalılığının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmiş son dərəcə təvazökar, prinsipial, elm sahəsində həm özünə, həm də tələbələrinə çox tələbkar olan Əlövsət Quliyevin formalaşmasında böyüyüb boya-başa çatdığı mühitin də böyük təsiri olmuşdur”, - deyə baş direktor bildirib.

Görkəmli alimin fəaliyyətinin stalinizm, post-stalinizm, durğunluq dövrlərə təsadüf etdiyini deyən Kərim Şükürov bu dövrlərin hər birinin onun yaradıcılığına böyük təsir göstərdiyini qeyd edib. Məruzəçi Əlövsət Quliyevdən öncə Azərbaycan tarix elminin yanlış istiqamətdə inkişaf etdiyini bildirərək, Azərbaycan tarixində qəlibləşmiş müddəaları nəzərdən keçirmək və Azərbaycan tarixinə yenidən baxmağın yüksək elmi təfəkkür tələb etdiyini vurğulayıb.

Kərim Şükürov professor Əlövsət Quliyevin mühüm elmi istiqamətlər üzrə tədqiqatlar apardığını deyib, alimin elmi fəaliyyətinin prioritetlərindən bəhs edib. Onun sözlərinə görə, Azərbaycan tarixinin bütün aktual problemləri Əlövsət Quliyevin elmi tədqiqatlarının prioritetlərini təşkil edir. “Tarix elminin elə bir fundamental problemi yoxdur ki, Əlövsət Quliyevin yaradıcılığında öz əksini tapmasın”, - deyə qeyd edən məruzəçi görkəmli tarixçi alimin əsərlərinin günümüzlə səsləşən aktual problemləri əhatə etdiyinə bildirib.

Baş direktor çıxışının sonunda görkəmli alim Əlövsət Quliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bu mötəbər tədbirin təşkilinə görə AMEA rəhbərliyinə təşəkkür edib.

Daha sonra Prezident təqaüdçüsü, tarix elmləri doktoru, professor Dilarə Seyidzadənin “Əlövsət Quliyev: Elmi rəhbər”, A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru dosent Cəbi Bəhramovun “Milli tarix elmimizin təşkilatçısı”, Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “Əlövsət Quliyev: Azərbaycanın yeni tarixinin problemləri”, professor İradə Bağırovanın “XIX əsrin sonu – XX əsrin əvvəllərində Şimali Azərbaycanda fəhlə hərəkatının öyrənilməsində Əlövsət Quliyevin rolu” və tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Qafarovanın “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycan sənayesinin tarixi Əlövsət Quliyevin tədqiqatlarında” mövzularında məruzələri dinlənilib.

Konfransda, həmçinin Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə çıxış edərək professor Əlövsət Quliyevi Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi nadir şəxsiyyətlərdən biri, müasir Azərbaycan tarix elminin ən parlaq yaradıcılarından biri kimi səciyyəndirib.

Sonda ailə üzvləri adından çıxış edən alimin oğlu Təlatüm Quliyev tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: