Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.10.2022 09:46
  • A-
  • A
  • A+

“Cavid hikməti: seçmə aforizmlər” kitabı VIII Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub

“Cavid hikməti: seçmə aforizmlər” kitabı VIII Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunub

Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının tərtibçisi və “Ön söz” müəllifi olduğu “Cavid hikməti: seçmə aforizmlər” kitabının təqdimatı olub.

Təqdimat mərasimi Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində baş tutub.

“Üzeyir Hacıbəyli” təqdimat zonasında keçirilən tədbirdə öncə kitabın tərtibçisi Gülbəniz Babaxanlı çıxış edib. O öz çıxışında əvvəlcə ölkə başçısı cənab İlham Əliyevə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncama görə təşəkkür edib. Bildirib ki, təqdimatı keçirilən kitab ədibin ev muzeyinin dahi sənətkarın yubileyi münasibətilə cavidsevərlərə bir ərməğandır. Belə ki, oxucuların marağı nəzərə alınaraq sənətkarın əsərlərindən seçmə aforizmlər yeni redaksiyada, əlavələr edərək ilk dəfə cib dəftərçəsi formasında nəşr olunub. Kitaba mütəfəkkir şairin insanlıq, haqq, ədalət, vətən, millət, qadın, məhəbbət haqqında müdrik sözləri və cəmiyyəti narahat edən müxtəlif aktual problemlərlə bağlı kəlamları daxil edilib. Topludakı aforizmlər Hüseyn Cavidin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” pyeslərindən, “Azər” poemasından və məqalələrindən seçilib.

Daha sonra kitabın redaktoru akademik Teymur Kərimli çıxış edib. O, Cavid poeziyasının ecazından, bənzərsizliyindən söhbət açıb. Bildirib ki, Hüseyn Cavid imzası ilə qələmə alınan hər misra, hər beyt bir hikmət mündəricəsi daşıdığından aforizm sayıla bilər. Təqdimatı keçirilən kitaba isə onların ən populyar olanları daxil edilib.

Təqdimat mərasimində Hüseyn Cavidin Ev Muzeyinin Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva, muzeyin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Aygül Hacıyeva, həmin şöbənin elmi işçisi Tahirə Əliyeva və digər qonaqlar çıxış edib. Çıxışçılar Cavid poeziyasının qüdrətindən, əsərlərindəki müdrik kəlamlardan danışıblar. Daha sonra şairin əsərlərindən poetik parçalar səsləndirilib. 

Sonda muzeyin yeni nəşrləri kitabsevərlərə hədiyyə olunub və tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: