Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Türkiyənin Ege Universitetinin Fənn fakültəsinin dekanı, professor Dinçer Ayaz və Qazaxıstanın Hüceyrə Biologiyası və Biotexnologiyalar İnstitutunun L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru, Ümumi biologiya və genomika departamentinin baş direktoru Bersimbay Rahmetqazinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qeyd edək ki, qonaqlar oktyabrın 13-14-də Bakı Dövlət Universiteti, MBBİ, ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr edilən “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda keçiriləcək 11-ci beynəlxalq konfransda iştirak üçün ölkəmizdə səfərdədirlər.
Görüşdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Alim Türk dünyası ölkələrinin hər zaman vahid bir ailə, vahid bir qüvvə kimi fəaliyyət göstərdiyini deyib.
Vitse-prezident 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini xatırladaraq, növbəti ildə Türk dövlətləri ilə birgə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan Qarabağın çoxsaylı problemlərini əhatə edən tədbirin keçirilməsi təklifi ilə çıxış edib. O, həmçinin türkdilli ölkələrin nümayəndələrindən ibarət ortaq cəmiyyətin təsis edilməsinin də zəruri məsələlərdən olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin son zamanlar Özbəkistan və Qazaxıstanda səfərlərdə olmasının əhəmiyyətindən bəhs edən akademik İradə Hüseynova Türk dövlətlərinin bir çox sahələrdə aparıcı mövqe tutmasının daima Azərbaycan xalqının sevincinə səbəb olduğunu qeyd edib, türk dövlətlərinin birləşməsinin zəruriliyindən danışıb.
Alim ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə çiçəkləndiyini, inkişaf etdiyini bildirib. O, Türk dövlətlərinin hər zaman, o cümlədən 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın yanında olduqlarını nümayiş etdirdiklərini diqqətə çatdırıb.
Akademik İradə Hüseynova Türk millətlərinin bir çox dahi şəxsiyyətlər yetişdirdiyini deyərək, bu baxımdan türk xalqlarının genetikasının daha dərindən öyrənilməsinin əhəmiyyətli məsələlərdən olduğunu bildirib.
Vitse-prezident AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Azərbaycanda biologiya, aqrar və tibb sahəsində həyata keçirilən bütün tədqiqat işlərini koordinasiya etdiyini söyləyib. Alim Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında yaradıldığını diqqətə çatdırıb. Akademik İradə Hüseynova institutda 5-i beynəlxalq statuslu olmaqla 14 laboratoriyanın fəaliyyət göstərdiyini bildirib, bu laboratoriyaların hər biri haqqında ətraflı məlumat verib.
Onun sözlərinə görə, qeyd olunan laboratoriyalarda fotosintez prosesində günəş enerjisinin elektrokimyəvi və metabolik çevrilmələrinin molekulyar mexanizmləri, fotosintezin biomimetik modellərinin işlənilib hazırlanması, tədqiqi və optimallaşdırılması, bitkilərin abiotik və biotik amillərə davamlılığının molekulyar mexanizmləri, eukariot genomlarının təşkili və ekspressiyasının müqayisəli tədqiqi, molekulyar və hüceyrə biotexnologiyası yolu ilə kənd təsərrüfatı və insan sağlamlığı problemlərinin həlli yollarının araşdırılması, eləcə də Azərbaycan populyasiyasının öyrənilməsi və digər istiqamətlərdə tədqiqatlar aparılır.
Rəhbərlik etdiyi institutda fəaliyyət göstərən əməkdaşların böyük bir qismini gənclərin təşkil etdiyini deyən alim onların yüksəkixtisaslı kadr kimi yetişdirilməsi üçün dünyanın nüfuzlu universitetlərində təhsil almalarına dəstək göstərildiyini də deyib. Akademik İradə Hüseynova, həmçinin Türkiyənin bir çox institut və təşkilatları ilə yaradılmış əməkdaşlıq əlaqələrindən bəhs edərək keçirilən birgə konfranslar, icra olunan layihələrdən söz açıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyənin Ege Universitetinin Fənn fakültəsinin dekanı, professor Dinçer Ayaz fəaliyyət göstərdiyi universitet haqqında ətraflı məlumat verib. O, Ege Universitetində müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan tələbələrin təhsil aldığını deyib, Azərbaycanla əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. Dinçer Ayaz, həmçinin AMEA və TÜBİTAK arasında imzalanmış Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün icra edilən layihə müsabiqəsinin hər iki ölkənin alim və tədqiqatçıları üçün geniş imkanlar təqdim etdiyini diqqətə çatdırıb.
Türkiyəli professor Ege Universiteti və Azərbaycanın müvafiq institutları ilə zoologiya, mikrobiologiya və digər sahələrdə birgə layihələrin həyata keçirilməsinin önəminə toxunub.
Daha sonra çıxış edən Qazaxıstanın Hüceyrə Biologiyası və Biotexnologiyalar İnstitutunun L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru, Ümumi biologiya və genomika departamentinin baş direktoru Bersimbay Rahmetqazi çıxış edərək molekulyar biologiya sahəsində müştərək tədqiqatların aparılması, beynəlxalq elmi-tədqiqat qrant layihələrində birgə iştirak, eləcə də kadr və təcrübə mübadiləsinin aparılmasının zəruriliyini qeyd edib.
Sonda qonaqlar institutun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi, Genomun quruluşu və ekspressiyası laboratoriyası, Hüceyrənin membran sistemləri laboratoriyası, Bioadaptasiya laboratoriyası və digər beynəlxalq laboratoriyalarda yaradılmış maddi-texniki şəraitlə yaxından tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.