Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

14.10.2022 09:57
  • A-
  • A
  • A+

Qədim türk yurdu Naxçıvanı yenidən Azərbaycana bağlayan tarixi akt

Qədim türk yurdu Naxçıvanı yenidən Azərbaycana bağlayan tarixi akt

101 il bundan əvvəl – 1921-ci il oktyabrın 13-də Qars şəhərində Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsi tarixi torpaqlarımızın qorunub saxlanılması istiqamətində ciddi uğur olmuşdur. Qədim türk yurdu Naxçıvanı Azərbaycanın tərkibində saxlayan tarixi aktın imzalanmasının növbəti ildönümündə müsahibimiz bu müqavilə barədə mötəbər tədqiqatın müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.

– İsmayıl müəllim, Qars müqaviləsinin tarixi Azərbaycan torpaqlarını parçalayıb orada Ermənistan adlı dövlət yaratmış imperialist dairələrin növbəti qəsdlərinin qarşısının alınmasında önəmi bir əsrdən sonra necə görünür?

– Qars müqaviləsi məna-mahiyyəti ilə bundan əvvəlki Moskva müqaviləsinin məntiqi davamıdır. Moskva müqaviləsi 1921-ci il martın 16-da “Dostluq və qardaşlıq müqaviləsi” adı ilə Türkiyə və Rusiya arasında bağlanmışdır. Bu dövrdə Azərbaycanda, eləcə də Naxçıvan diyarında baş verən hadisələr çox mürəkkəb, ziddiyyətli və çətin olmuşdu. Azərbaycanın düşdüyü daxili, qarşılaşdığı beynəlxalq vəziyyət elə ağır idi ki, bir sıra hallarda o, Naxçıvan bölgəsinə lazımi səviyyədə kömək göstərə bilmirdi. Bundan istifadə edən məkrli düşmənlərimiz bir sıra dövlətlərin himayəsindən, yardım və dəstəyindən istifadə edərək Naxçıvana hərbi basqınlar edir, qırğınlar törədir, şəhər və kəndləri dağıdır, yandırır, ağlasığmaz vəhşiliklər törədirdilər.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ölkəmizdə bolşevik ağalığı qurulması ilə daşnak silahlı qüvvələrinin təcavüzkar hərəkətləri nəticəsində Naxçıvan diyarında gərginlik hələ də davam edirdi. XI Ordunun süngüsü ilə 1920-ci il iyulun 28-də Naxçıvanda sovet hakimiyyəti quruldu və Naxçıvan SSR elan edildi, respublikanın ali hakimiyyət orqanı – Naxçıvan İnqilab Komitəsi yaradıldı. Avqustun 10-da Naxçıvan İnqilab Komitəsi Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub göndərdi. Məktubda deyilirdi: “Naxçıvan camaatının çox böyük əksəriyyətinin qərarı ilə Naxçıvan diyarı özünü Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi hesab etmişdir”.

– Lakin Qafqazda hakim olan Rusiya rəhbərliyi Türkiyə ilə diplomatik nümayəndələr yaratmaq istəsə də, Ermənistandan bu ölkəyə qarşı bir vasitə kimi istifadə etməyə çalışırdılar. Azərbaycanın ayrılmaz tərkib hissələri olan Zəngəzur və Naxçıvanı da Sovet Ermənistanına vermək istəyirdilər.

– Elə buna görə də Ermənistanda sovet hakimiyyəti qurulan kimi, Rusiyanın təzyiqi ilə Zəngəzur və Naxçıvan Ermənistana verildi. Lakin Türkiyə ilə Ermənistan arasında bağlanan Gümrü müqaviləsi ilə Naxçıvan ərazisi hələlik Türkiyənin himayəsində yerli hökumətin yaradılması qərara alındı. Beləliklə, Naxçıvan xilas edildi və Moskva müqaviləsinin üçüncü maddəsində Naxçıvan məsələsinin həlli aşağıdakı kimi təsbit edildi: “Müqaviləni imzalayan tərəflər bu müqavilənin I (c) əlavəsində göstərilən sərhədlər daxilindəki Naxçıvan bölgəsinin, sahib olacağı himayə haqqını üçüncü bir dövlətə heç bir zaman güzəştə getməmək şərtilə, Azərbaycanın himayəsində muxtar bir ərazi təşkil etməsi ilə bağlı razılığa gəlirlər”. Müqavilənin “Naxçıvan ərazisi” adlı I (c) əlavəsində isə bölgənin sərhədləri müəyyənləşdirildi. Sərhədlər “Ararat” stansiyasından başlayaraq keçmiş Naxçıvan qəzasının inzibati sərhədlərinin şərqinə kimi müəyyən edildi.

Beləliklə, Naxçıvan Azərbaycanın tərkibində qalmaqla muxtariyyət statusu əldə etdi. Belə bir statusun qazanılmasında 1921-ci ilin yanvarında Naxçıvanda keçirilən referendumun çox böyük rolu olmuşdur. Çünki həmin referendumla Naxçıvan əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının Azərbaycanın tərkibində saxlanılmasına səs vermişdi. Naxçıvan əhalisinin qətiyyətli və dönməz iradəsi, Türkiyənin prinsipial və ədalətli mövqeyi, Behbud ağa Şahtaxtinski kimi milli mənafelərdən çıxış edən siyasi xadimlərin səyləri də Naxçıvanın Azərbaycanın tərkibində saxlanılmasını şərtləndirdi.

Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasındakı münasibətləri və ərazi-sərhəd məsələlərini aydınlaşdırmaq və dəqiqləşdirmək üçün 1921-ci il sentyabrın 26-dan oktyabrın 13-nə qədər Qars şəhərində konfrans keçirildi. Azərbaycan KP MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Xalq fəhlə-kəndli nəzarəti komissarı B.Şahtaxtinski Azərbaycan SSR-in konfransdakı nümayəndəsi təyin olundu. Azərbaycan hökuməti çalışırdı ki, Qarsda güclü nümayəndələrlə təmsil olunsun. B.Şahtaxtinskinin konfransda iştirakı faktı isə Sovet Azərbaycanı rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyini göstərirdi.

– İsmayıl müəllim, tarixdən bilirik ki, Qars konfransında danışıqlar çox gərgin və prinsipial keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişlər.

– Türkiyə çalışırdı ki, hər bir respublika ilə ayrı-ayrılıqda müqavilə bağlasın. Lakin Rusiya nümayəndə heyətinin rəhbəri Y.Qanetski buna yol vermirdi. RSFSR rəhbərliyinin ona tapşırığı belə idi. Sovet Rusiyası nümayəndəsinin iştirakı ilə Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi imzalandı. 20 maddə və 3 əlavədən ibarət olan müqavilənin bir sıra müddəaları Moskva müqaviləsinin müvafiq maddələri ilə eynilik təşkil edirdi. Ümumilikdə isə bu sənəddə qeyri-bərabər hüquqlu müqavilələr, tərəflərə zorla qəbul etdirilən müqavilələr və Sevr müqaviləsi rədd edilirdi.

Müqavilə Qars və Batumun ərazi məsələləri üzrə bütün müddəalar kom-pleksini, nəqliyyat kommunikasiyalarının fəaliyyətini və vətəndaşların azad hərəkətinin təmin edilməsi, milli və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaş hüquqları məsələsinin sarsılmazlığı kimi məsələləri əhatə edirdi. Onun xeyli hissəsi qaçqınlar probleminin nizamlanması və razılığa gələn tərəflər arasında iqtisadi, mədəni və konsulluq əlaqələrinin əsas inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr edilmişdi.

– Düşmən qüvvələrlə gərgin mübarizədə ərsəyə gəlmiş bu müqavilədə Naxçıvanın gələcək taleyi necə həll edilmişdi?

– Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı idi. Burada Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və onun muxtariyyət statusu təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin bu maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri idi. Müqavilənin həmin maddəsində göstərilmişdi: “Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər”.

Beləliklə, Qars müqaviləsi Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq müqavilə kimi tam şəkildə həll etdi. Qars müqaviləsi müddətsiz imzalanmış və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Bu müqavilə ilə Türkiyə Cümhuriyyəti Naxçıvanın qarantı funksiyasını öz üzərinə götürmüşdür. Qars müqaviləsi 1922-ci ilin mart–iyun aylarında onu imzalayan ölkələrin qanunverici orqanlarında təsdiq edilmiş və həmin il sentyabrın 11-dən qüvvəyə minmişdir.

– Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasını daim diqqətdə saxlamış ümummilli lider Heydər Əliyev dəfələrlə Qars müqaviləsinin tarixi önəmini vurğulamışdı.

– Ulu öndər Ermənistanın Naxçıvanla bağlı əsassız iddialarına qarşı ardıcıl mübarizəsində tarixi gerçəkliklə yanaşı, Qars müqaviləsinə də həmişə siyasi-diplomatik sipər kimi istinad etmişdi. Böyük rəhbər müstəqillik illərində Naxçıvana səfərlərinin birində isə demişdi: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən, Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

Doğrudan da, Moskva beynəlxalq müqaviləsi Rusiya ilə Türkiyə arasında bir sıra vacib və əhəmiyyətli məsələləri həll etdiyi kimi, Qars beynəlxalq müqaviləsi də Anadolu–Qafqaz coğrafiyasında mübahisəli ərazi-sərhəd məsələlərini həll edərək qədim türk yurdu Naxçıvanı yenidən və birdəfəlik Azərbaycana bağlamışdı.

– Maraqlı müsahibə, dəyərli məlumat üçün sağ olun.

“Xalq qəzeti”

  • Paylaş: