Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.10.2022 12:38
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri açan GGİ-nin baş direktoru, akademik Akif Əlizadə iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib.

Akif Əlizadə doktoranturaya və dissertanturaya qəbul olunmaq istəyənlərin ixtisaslara uyğun olub-olmamalarını müəyyən etmək üçün İxtisas komissiyasının yaradılmasının və işçilərin öz hesabına qısa müddətli məzuniyyətə getmələri qaydasında dəyişikliklər edilməsinin zəruri olduğunu bildirib.

Sonra AMEA-nın müxbir üzvü Tələt Kəngərli UNESCO-nun Dünya İrsi çərçivəsində Azərbaycanda geoparkların yaradılması ilə bağlı görülən işlər haqqında məlumat verib. Alim nadir geoloji obyektlərlə zəngin Naxçıvan Muxtar Respublikasında dörd istiqamət üzrə geopark yaradılmasının tarixçəsini xatırladıb. Parkın sosial, elmi, turistik və siyasi əhəmiyyətini vurğulayan T.Kəngərli bildirib ki, GGİ-nin təşəbbüsü ilə 2019-cu ildən etibarən bu istiqamətdə aparılan işlər tamamlanmaq üzrədir.

İnstitutun şöbə müdiri, Yer elmləri üzrə elmlər doktoru Qulam Babayev Milli məlumat mərkəzində (CTBTO) yerinə yetirilən işlərin gedişatı haqqında danışıb. Bildirib ki, əsas məqsədi seysmik məlumatların toplanması və sistemləşdirilməsi olan CTBTO nüvə partlayışlarını da nəzarətdə saxlayır. Əldə olunan informasiyaların lazımi təşkilatlar üçün əlçatan olması ilə bağlı işlər də nəzərdə tutulur.

İclasda akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibinin qismən dəyişdirilməsini təklif edib. O, Filiz-maqmatik sistemləri və minerageniya şöbəsinin müdiri, g.-m.ü.f.d. Rauf Kərimovu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Tofiq Əhmədovu Elmi şura üzvləri siyahısına əlavə edilməsi təklifini irəli sürüb. Şura üzvləri təklifi yekdilliklə qəbul ediblər.

Yer elmləri üzrə fəlsəfə doktoru Səadət Ələkbərova magistratura üzrə kadr hazırlığı barədə söz açaraq institutun magistraturasına 2022-2023-cü tədris ili üzrə qəbulun, eləcə də II tədris ili magistrantlarının attestasiyasının yekunları barədə məlumat verib.

Doktorantura və dissertantura üzrə kadr hazırlığı barədə məlumatı isə iclas iştirakçılarına baş mütəxəssis Larisa Biryukova çatdırıb.

Geologiya və Geofizika İnstitutunun fond materiallarının rəqəmsallaşdırılması haqqında Geoloji fondun rəhbəri Ziyafət  Abadzadə məlumat verib. Bildirib ki, 2021-cilin fevral ayından Fondda saxlanılan elmi-tədqiqat işləri üzrə hesabatların və institutun Dissertasiya şurasında müdafiə edilmiş dissertasiyaların rəqəmsallaşdırılması üzərində işlər davam edir. Yazılma tarixi 1938-ci ildən başlamış materiallardan bu günə kimi 1183 hesabat rəqəmsallaşdırılıb. Hazırda 735 dissertasiyanın elektron variantı üzərində işlərə start verilib. Bütün bu işləri Fondun xüsusi təlim keçmiş əməkdaşları Zümrüd İsmayılova və Şahanə Abdullayeva görürlər.  

Elmi şuranın iclası “Yer elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün SOCAR “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı Kəmalə Səfərlinin təqdim etdiyi “Qərbi və Şərqi Azərbaycan ərazisində maykop çöküntülərinin toplanma şəraiti və karbohidrogen rezervuarlarının xüsusiyyətləri (Orta Kür və Şamaxı-Qobustan çökəklikləri timsalında)” mövzusunda dissertasiya işinin müzakirə protokolunun təsdiqi ilə sona çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: