AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Fransanın Lion Universitetinin alimlərinin birlikdə Azərbaycanın cənub-şərq bölgəsində 2012-2017-ci illərdə apardığı arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi mədəniyyət nümunələri üzərində elmi tədqiqat və laboratoriya işləri aparılır.
Qeyd edək ki, 2011-ci ildə Fransa Elmi Araşdırmalar Mərkəzi (CNRS), I Lion Universiteti və Sen-Jermen Milli Arxeologiya Muzeyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə vaxtilə Azərbaycanın cənub rayonlarının ərazilərində arxeoloji qazıntılar aparmış Morqan qardaşlarının irsini öyrənmək məqsədilə müqavilə imzalayıblar. Yaradılan Fransa-Azərbaycan beynəlxalq ekspedisiyasının əsas məqsədi Morqan qardaşlarının yarımçıq qalmış işini davam etdirmək olub.
Morqan qardaşlarının şərəfinə “100 ildən sonra Morqanın izi ilə” adlanan layihə çərçivəsində fransızlar 2013-cü ildə vaxtilə Morqanın Astara, Lerik və Masallının müxtəlif dağ kəndlərində sadə kənd camaatına qazdırdığı 300-ə yaxın qəbirə, dağıtdığı abidələrə baş çəkmək və onun yarımçıq qalmış işini davam etdirmək məqsədilə gəliblər. Bildiyimiz kimi, Morqan əldə etdiyi ən qiymətli tarixi eksponatları, bütün maddi mədəniyyət nümunələrini Fransaya göndərib.
Bu gün arxeoloji qazıntılar Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyinin tam nəzarəti altındadır. “Fransa-Azərbaycan beynəlxalq arxeoloji ekspedisiyası”nın Lerik rayonunun Monidigah kəndi ərazisində aşkar etdiyi daş qutu qəbirlərdən əldə olunan çox sayda saxsı qablar, tuncdan bəzək əşyaları, silahlar, əqiq, pasta və gildən müxtəlif formalı muncuqlar institutun arxeoloji fonduna təhvil verilib. Hazırda bu tapıntıların əksəriyyəti bərpa edilib, orijinal fotoları işlənilib və qrafik təsvirləri çəkilməklə onların elmi dövriyyəyə daxil edilməsi üçün müvafiq işlər görülüb.
Fransanın Lion Universitetinin “Radiokarbon Tarixləndirmə Mərkəzi”ndə 2018-ci ildə aparılmış C14 analizlərinin nəticəsinə əsasən Monidigah nekropolunda icra edilmiş dəfnlər e.ə. XIII-IX əsrlərə aid qəbir abidələridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.