Bu günlərdə ölkəmizdə Asiya Ombudsmanlar Assosiasiyası (AOA) və İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının (İƏT OA) iclasları keçirilib.
Azərbaycanla yanaşı, Yaponiya, İndoneziya, İran, Pakistan, Türkiyədən olan ombudsmanlar və insan hüquqları təsisatlarının rəhbərləri iştirak ediblər. Tədbirlərdə iştirak edən Türkiyə Cümhuriyyətinin təmsilçisi ombudsman, Şanlıurfa millət vəkili Yahya Akman bir neçə nümayəndə ilə birlikdə Azərbaycan ədəbiyyatını və mədəniyyətini əks etdirən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Muzeyin Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d. Sevinc Heydərova qonaqları muzeyin zəngin ekspozisiyası ilə tanış edib, onları maraqlandıran eksponatlar haqqında geniş məlumat verib.
Muzeyin ekspozisiyasını böyük maraq və heyranlıqla seyr edən Yahya Akman muzeyin rəy kitabına ürək sözlərini yazıb. Muzeydə olmaq fürsətinin yarandığını ifadə edən qonaq öz rəyində Azərbaycan-Türkiyə qardaşlığını vurğulayıb, ekspozisiyanın təqdim və təbliğini xüsusi qiymətləndirib. Muzeydən xoş təəssüratla ayrılan Yahya Akman qurumun yaradılmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.