AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Təhsil mərkəzinin direktoru İnomjon Azimov, dosent Muyassar Saparniyazova və Nazirlər Şurasının Özbək Dili İnkişafı Fondunun direktoru Azizbek Eminovla görüş olub.
Görüşdə Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli qardaş Özbəkistanın akademik dairələri ilə əlaqələrin uğurla davam etdiyini vurğulayıb. O bildirib ki, 2022-ci il aprelin 22-də Dilçilik İnstitutu Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə onlayn görüş keçirib. Dilçilik İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında əməkdaşlıq müqaviləsi bağlanıb. Müqavilədə birgə elmi tədqiqatların aparılması, konqres, konfrans, seminar və simpoziumların keçirilməsi, müəllim və doktorant mübadiləsi və digər məsələlər nəzərdə tutulub.
Professor qeyd edib ki, hazırda Dilçilik İnstitutunda “Azərbaycanca-özbəkcə lüğət”, “Azərbaycanca-özbəkcə-türkcə danışıq kitabça”sı hazırlanır. Bu elmi əməkdaşlıq nəticəsində əlaqələrimiz möhkəmlənir və davamlı xarakter almağa başlayır.
Tədbirdə institutun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, dosent Təranə Şükürlü, AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Almaz Binnətova və Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının müəllimi, dosent Nuridə Novruzova görüşün elmi əlaqələrin genişlənməsinə böyük təkan verəcəyini vurğulayıblar.
Qonaqlar görülən işlərin davamlı olacağını bildirib və beşcildlik “Özbək dilinin izahlı lüğəti”ni instituta hədiyyə ediblər.