Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

31.10.2022 10:16
  • A-
  • A
  • A+

Qəhrəman Alan Türinqin “bombası” və süni intellekt fəlsəfəsi

Qəhrəman Alan Türinqin “bombası” və süni intellekt fəlsəfəsi

Birinci məqalə

Müasir dövrün riyaziyyat, məntiq, fiziologiya, neyrofiziologiya, psixologiya, epistemologiya, fəlsəfə və bir çox elm sahələrinin nüfuzlu alimləri,  o cümlədən son illərin 10 əsas süni intellekt tədqiqatçısı - Bernard Marr, Yann André LeCun, Tamara MakKliri, Andrey Karpathy, Fei-Fei Li, Demis Hassabis, Rana el Kaliouby, Kessi Kozırkov ciddi araşdırmaları ilə bu qənaətə gəlmişlər ki,  süni intellekt - “ağıllı” maşınlar Allahın yaratdığı insanı əvəz edə bilər.

Əlbəttə, müasir dövrün alimləri XVII əs­rin ilk onil­li­yi­ndə ya­ra­nıb, XIX əs­rin iyirmin­ci illə­rin­də artıq bü­tün dün­ya­ya ya­yı­lan maarifçilik dövründə, xüsusilə, 1600-1850-ci illərdə süni intellektin be­şi­yi sa­yı­lan Avropada 3 mühüm əhəmiyyətli nəzəri-metodoloji təcrübədən faydalanmaqla bu sahəni dəyərli elmi yenilikləri ilə zənginləşdirmişlər.

Bu baxımdan fikrimizcə, süni intellekt sisteminin tarixinə qısa ekskurs etmək yerinə düşər. İlk olaraq xüsusi vurğulanmalıdır ki, süni intellektin insan şüuru ilə dialoqu miflərdə, folklorda öz izlərini qoymuşdur. Rasional elmi düşüncəyə gəlincə, bu bəşəri hadisənin ilk tədqiqatları və kəşfləri Avropa alimlərinin adı ilə bağlıdır.  Məsələn, müasir dünya elmi (1623) görkəmli alman riyaziyyatçı, ilahiyyatçı və kartoqrafı Wilhelm Schickardın başda ilk mexaniki kalkulyator və İvrit qrammatikasını öyrənmək üçün  sistem olmaqla bir neçə müxtəlif funksiyaların yerinə yetirilməsinə xidmət edən (makina) maşından, o cümlədən arifmetik əməliyyatları insan əməyini xeyli yüngülləşdirən, yəni mexaniki şəkildə yerinə yetirməyə imkan verən hesablama saatı adlandırılan bir cihaz ixtiralarından mühüm elmi kəşfləri zamanında qəbul etmiş və çox dəyərləndirmişlər.

Eləcə də 1822-ci ildə avropalı riyaziyyatçı, filosof, ixtiraçı, mexanika mühəndisi,  iqtisadiyyatçı, kompüter elmləri alimi olan, 1824-cü ildə “riyazi və astronomik cədvəllərin hesablanması üçün mühərrik ixtirasına görə” nominasiyasında “Qızıl medal” qazanan, hətta “kompüterin atası”, başqa cür desək, müasir printerlərin atası və hesablama maşınlarının öncül yaradıcısı hesab edilən Çarlz Bebbicin icad etdiyi  rəqəmsal proqramlaşdırıla bilən kompüter konsepsiyasından dünya elmi bu gün də faydalanır.

2 əsr bundan əvvəl London Astronomiya Cəmiyyətinin (Kral Astronomiya Cəmiyyəti kimi tanınır) yaradılmasında mühüm rol oynamış Çarlz Bebbicin süni intellekt “maşınları” kəşfləri onun vəfatı ilə yarımçıq qalsa da, Londondakı Elm Muzeyində nümayiş etdirilməklə yeni elmi tədqiqatlar üçün əsas mənbə kimi əhəmiyyətini qorumaqdadır. Təsadüfi deyil ki, 1991-ci ildə onun bu gün süni intellekt sahəsi adı ilə geniş idarəçilik sistemi ilə bağlı natamam işlərindən biri əsasında bir ağıllı sistem, süni intellekt maşını yaradılmışdır. Çarlz Bebbicin ingilis riyaziyyatçısı, ilk proqramist Ada Lavleys ilə birlikdə süni intellekt sisteminin müasir təcrübədə ən çox işlədilən tərcümə mexanizmini  icad etməsi də danılmaz faktlardandır və bu kəşf Bebbicin Ada Lavleysin yazılarını analitik maşında italyan dilinə tərcümə etməsi ilə tarixə iz salmışdır. Ada Lavleys, həmçinin universal maşın konsepsiyasını irəli sürmüşdür, bu, bir daha təsdiqlənir. Beləliklə, hər iki tədqiqatçının adı və nailiyyətləri təxminən yüz yetmiş  il sonra süni intellekt kimi məşhur olacaq bir fenomenin özül daşlarını qoymuşlar.

Bu baxımdan, süni intellektin geniş istifadə  obyekti olan  super rəqəmsal kompüterlərin nəsil başlanğıcı mərhələli inkişafa malik, nomoqram, slayd qaydası, astrolabe, osiloskop, televiziya, analoq səs prosessoru, avtopilot, habelə akabus kimi anoloq sistemlər hesab olunur.

Aydınlıq üçün qısaca qeyd edək ki, bu alimlərin tədqiqatları insan, ümumiyyətlə, mexaniki materializmin, beləliklə də zəkanın, təbii intellektin nəzəri, təcrübi və tətbiqi imkanlarını və nümunələrini üzə çıxarırdılar.   

Süni intellekt sistemi öz tarixini 1900-1950-ci illərdə də 3 mühüm dövrü mərhələ, fenomen hadisə ilə davam etdirmişdir.

Bunlardan birincisi, 1924-cü ildə tam adı International Business Machines Corp/ or IBM  və ya qısaca IBM yaradılmışdır ki, bu, hələ 1911-ci ildə yaradılmış, dövrün texnoloji tərəqqisini təmsil edən proqram həlləri, aparat və xidmətlərdə liderlik məqsədli və əsasən perfokart sayma maşınlarını inkişaf etdirən bir sistemin xeyli təkmilləşdirilmiş bir forması idi.

Bundan sonra süni intellektin artıq o mərhələsi -  1936-cı il  “Turing machine” - Türinq maşını hadisəsi gəlir ki, biz bu məqalədə məhz bu fundamental kəşf və davamında gələn tarixyüklü elmi nailiyyətlərin sahibi, dünya şöhrətli Alan Türingqin həyatından, keşməkeşli tale yollarından, uğur və itkilərindən bəhs edəcəyik. 

Ancaq biz süni intellekt sisteminin tarixinin bu günə qədərki mərhələlərinə çox yığcam baxışımızı davam etdirməyi məqsədəuyğun bilirik.

Beləliklə, IBM-dən sonra 1936-cı ildə Alan Türinqin “Turing machine”si yarandı və bu  kəşf mahiyyət baxımından elə bir hesablama modelidir ki, internet deməli, virtual dünya ilə bağlı olan və indi bizim həyatımızın qaçılmazı kompüterlərin, mobil telefonların, planşetlərin, video kameraların, rəqəmsal fotoaparatların və digər bu kimi texnologiyaların mənşəyi fikrini ehtiva edir.

“Turing machine”nin yaradılması ilə XX əsrin 30-cu illərində artıq avropada Əl-Xarəzminin əsasını qoymuş olduğu alqoritm proqramları  ilə sonsuz və mürəkkəb riyazi hesablamarın yerinə yeririlməsi üçün ciddi zəmin hazırlanmış oldu.

Əgər diqqət edəriksə, 1936-cı ildə Alan Türinqin “Turing machine”sinə kimi süni intellekt fenomeninin mühüm “maşınları” Avropada, əsas da İngiltərədə yaradılmışdı. 1943-cü ildə isə Amerikada II Dünya müharibəsinin cərəyan etdiyi bir vaxtda hərbi məqsədlər üçün ENIAC adlanan ilk funksional rəqəmsal kompüter yaradılmışdır. ENIAC kompüterini amerikalı fizik John William Mauchly və amerikalı elektrik mühəndisi, sahibkar J. Presper Eckert ilə birlikdə ilk ümumi təyinatlı elektron rəqəmsal kompüter olan ENIAC, həmçinin ABŞ-da ilk kommersiya kompüteri EDVAC, BINAC və UNIVAC-ı icad və istehsal etdilər. Bundan başqa, J. Presper Eckert hesablama proqramları haqqında Moore School Lectures (Mur Məktəbinin Mühazirələri) mühazirələr vermiş, John William Mauchlylə birlikdə Eckert-Mauchly Computer Corporation-ı (EMCC) təsis edərək kompüter konsepsiyalarını sistemli şəkildə irəli sürmüşlər.  Onların fəaliyyəti -  EDVAC üzərində Hesabatın Birinci Layihəsi (1945) və Mur Məktəbinin Mühazirələri (1946) qəbul edilib öyrənildiyi kimi, 1940-cı illərin sonlarında bütün dünyada kompüter sahəsinin yüksək inkişafına güclü təsir etmişdir.

Fikrimizcə, biz bu məqamda XXI əsrin elektron və təbii süni intellekt tərəqqisini aydın görmək üçün müasirimiz çox yüngül, hətta 1 kq çəkidə, ancaq geniş funksiyalı notbukları ilə ilk kompüterin çəkisi və ölçülərini müqayisə etmək maraqlı olar.

Beləcə, “Samsung”dan “Galaxy Book Pro” 868 q-da, “Dynabook Portégé X30L” 870 q, “Asus Expertbook B9 9450” 870 q,  “LaVie Nextreme Karbon XC550-DA” 883 q,  “Fujitsu U9311” 885 q, yəni yeni notbukların əksəriyyətlə çəkisi 900 qramdan (iki funt) çox, 1 kiloqramdan azdır.  “Lenovo Thinkpad X1 Nano” 907 q, “Vaio SX12 2022” 948 q, “Gigabyte U4” 990 q, “HP Pavilion Aero 13” 960 q. Bu baxımdan 1943-cü ildə yaradılmış ilk funksional rəqəmsal kompüterin – “makine” 27 ton ağırlığında, 167 kvadratmetr ölçüdə və 17 468 borudan ibarət olması süni intellektin inkişafının dinamikasını aydın ifadə edir. Ən ciddi fərqlərdən biri və ən mühümü isə bu nəhəng “pionerin” əməliyyat sistemi, proqramları, yəni daha konkret desək, istifadə etdiyi nömrələrdən başqa heç bir yaddaş mexanizmi yox idi.

1943-cü ildə yaradılmış ilk funksional rəqəmsal kompüter – “makine” 27 ton ağırlığında, 167 kvadratmetr ölçüdə və 17 468 borudan ibarət olmuşdur. Ciddi fərqlərdən biri və ən mühümü isə bu nəhəng “pionerin” əməliyyat sistemi, proqramları, yəni daha konkret desək, istifadə etdiyi nömrələrdən başqa heç bir yaddaş mexanizmi yox idi.

Bu kompüter 1946-cı ildə tamamlanıb dünya düşüncəsinə və istifadəyə verildikdə artıq 1936-cı ildə 24 yaşlı bir gənc dünyanı və tarixini heyrətə gətirmiş, 1936-cı il informasiyanı kompüter yaddaşında saxlamağa və üzərində işləməyə imkan verən hesablama qurğusu – kompüter modeli “Türinq maşını”ndan sonra tarixə damğasını vuracaq öz yeni kəşfini tamamlayırdı...

Bu yeni kəşf 1950-ci ildə süni intellekt aləmində və əslində, yeni dövrün elmi evolyusiya səmasında mütərəqqi bir “bomba” kimi partladı. Əlbəttə, A.Türinqin əsl “bombası” da verdi və biz süni intellektin tarixini qısaca dolaşıb bombaların hər birindən, elə bu elm  bombalarından az əhəmiyyət kəsb etməyən Türinqin həyatından geniş bəhs edəcəyik. İndisə tarixi ardıcıllıqla Alan Türinqin “Türinq testi” kəşfindən danışaq. Bu test süni intellektin insanlara reaksiyalarını müəyyən etmək məqsədli proqramlar idi. “Türinq testi” insan və kompüterin dialoqunu həyata keçirdi və müşahidədə insanın və kompüterin fərqlənmədiyi müəyyən olundu ki, bununla süni intellekt gənc alimin tarixyüklü mühüm kəşfi də uğurla təsdiqləndi.

Bundan sonra artıq nüfuzlu elm adamlarının meydanda olan kəşfləri təhlil edib qiymətlənirməsi, qarşıda dayanan məqsədləri aydınlaşdırması üçün bir araya gəlməsi şərt idi və 1956-ci ildə Amerika Birləşmiş Ştatlarında ən nüfuzlu kolleclərdən biri, ilk Dartmut Kollecində (bu kollec 1770-ci ildə Hannoverdə cəmi dörd tələbədən ibarət ilk dərsləri taxta daxmada keçirilmiş və inkişaf edərək artıq təxminən 5000 bakalavr və 2000 mindən çox aspirantı olan təhsil ocağı) “Neyro-analoq gücləndirici sistemlərin nəzəriyyəsi və onun beyin-model probleminə tətbiqi” adlı dissertasiya işinin müəllifi, sonralar amerikalı koqnitiv və kompüter alimi, süni intellektin tədqiqatları ilə tanınan, Massaçusets Texnologiya İnstitutunun süni intellekt laboratoriyasının həmtəsisçisi kimi məşhur olmuş və süni intellekt və fəlsəfə üzrə bir sıra əsərlərin müəllifi, əsas da Türinq mükafatı (1969) da daxil olmaqla, bir çox mükafat və fəxri adlara layiq görülmüş Marvin Lee Minsky, amerikalı alim, “süni intellekt” termininin müəllifi, LISP dilinin və funksional proqramlaşdırmanın yaradıcısı, Türinq mükafatı laureatı (1971) Con Makkarti və “informasiya nəzəriyyəsinin atas” kimi tanınan amerikalı riyaziyyatçı, elektrik mühəndisi və kriptoqraf  Claude Elwood Shannon ilk Dartmut Kollecində süni intellekt mövzusunda konfrans təşkil etdilər.

Qeyd etmək yerinə düşər ki, Claude Shannonun kriptoqraf kimi yetişməsində qəhrəmanımız Alan Türinqin böyük təsiri olmuşdur. Belə ki, Claude Shannon 1937-ci ildə kriptoanaliz sahəsində xeyli maraq doğuran elmi nailiyyətləri ilə tanınmışdı və o, kodun qırılması və telekommunikasiya sahəsində daha ciddi tədqiqatlar məqsədilə 1942-ci ildə Bell laboratoriyalarında kriptoqrafiya sahəsində fəaliyyətə başladıqda, ilk işi 1943-cü ilin əvvəlində iki ay ərzində artıq təkcə Avropada deyil, Amerikada da məşhur olan Alan Türinqlə əlaqə saxlayır və onlar arasında yaradıcılıq əlaqələri süni intellekt sisteminə və elminin inkişafına öz töhfələrini verir.

Bu haqda Alan Türinqin “bombaları” hissəsində...

Qayıdaq 1956-ci ildə ABŞ-ın məşhur ilk Dartmut Kollecində təşkil olunmuş ilk süni intellekt konfransına. Bu, indi dünyada ən çox keçirilən süni intellekt konfranslarının başlanğıcı olmaqla bərabər, Con Makkartinin – “McCarthy”nin süni intellekt terminini dünyada ilk dəfə olaraq dilə gətirməsi  və qarşıdakı 3 onillik ərzində kompüter hadisəsinin insanı əvəz edəcəyi proqnozu ilə tarixə iz saldı.

Süni intellektin tarixində bu konfransdan sonra mühüm hadisələr diqqət cəlb etmir. Əlbəttə, Alan Türinqin “Riyazi Biologiya bülleteni” kimi təqdim etdiyi 1960-cı illərdə müşahidə edilən Belousov-Jabotinsky reaksiyası adı ilə tarixdə qalmış riyazi kimyəvi reaksiyaları proqnozlaşdırdığı nailiyyətlərdən başqa.

Qəribədir, bəlkə də çox təbii, xarakterikdir, mənfur əcəl 1954-ci ildə ona 42 yaşına çatmaq üçün heç 13 gün gözləmədən aparandan süni intellekt aləmində 1956-cı ilin həmin ilk Dartmut Kollecindəki konfransdan sonra “Ekspert sistemləri” (Expert system) adı ilə tanınan 1970-1980-ci illər mərhələsinə kimi dərin bir boşluq müşahidə olunur.

“Expert system” virtual sistemdə qərar qəbul etmə prosesində düşünən insanı əvəz edən və ya onu təqlid edən və mürəkkəb problemləri həll etmək üçün nəzərdə tutulmuş kompüter sistemidir. 1970-ci illərdə “Expert systemlər”in yaradılması və təqdimatı, məşhurlaşması nə qədər eksklüziv olsa da, süni intellekt sahəsinin bu mühüm hadisəsinin tamamlanması 10 il qədər uzun bir vaxt aparmış və onun geniş şəkildə yayılması, iqtisadi baxımdan faydalılığı 1980-ci illərə təsadüf etmişdir. Yarım əsr əvvəl yaradılmış “Expert systemlər”in indi təbii funksionallığı azalmışdır. Lakin onlar tarixi əhəmiyyətlərini qorumaqdadırlar.   

Biz yuxarıda da qeyd etdik ki, Alan Türinqdən sonra süni intellekt sisteminin tarixində “Expert systemlər”in mərhələsinə qədər və o cümlədən onların 10 il qədər heç də qısa olmayan zamanda meydana çıxması, istehsalata tətbiqi hadisəsi də daxil olmaqla, bu sahədə dərin bir boşluq yaşanmışdı və bu boşluq analitiklərin qənaətinə görə, süni intellektə marağın azalması, ciddi tədqiqatların meydan çıxarılmaması və investisiyanın azalması ilə əlaqədardır olmuşdur. Futuristlər süni intellektdə cərəyan edən bu böhran vəziyyətini 1974-1980-ci illərə aid etmişlər və onu “ilk süni intellekt qışı”  adlandırmışlar.  

Süni intellekt tarixində böhranın ilk qışı kimi, ikinci qış da qeyd olunur.  Bu, 1987-1993- cü illəri əhatə edir. Maraqlıdır, süni intellekt böhranlarının əsas səbəbləri nə ilə izah olunur? İkincisi, 1980-1987-ci illərdə süni intellekt sistemində hansı uğurlu kəşf yaranmışdır ki, ikinci qış bu tarixdən qəbul edilmişdir?

Süni intellekt tarixi birinci sualı konkret olaraq, kapitalist maraqların toquşması kimi izah edir. Belə ki, XX əsrin 50-ci illərinin ikinci yarsından başlayaraq bir qrup süni intellekt tədqiqatçısına yaxın gələcəkdə insan qədər ağıllı və ya insanı əvəz edəcək bir maşının icad edilməsi məqsədilə onlara milyonlarla dollar verilmiş, ancaq onlar layihəni uğurla həyata keçirə bilməmişlər. Bu səbəbdən də 1974-cü ildə ABŞ və Britaniya hökumətləri süni intellektə yönəldilmiş investisiyanı kəsmiş və bununla da “ilk süni intellekt qışı” termininin ifadə etdiyi - süni intellekt böhranı baş verir.

İkinci suala gəlincə, bu Yaponiyanın 7 il sonra qabaqcıl dünya dövlətlərini süni intellekt sahəsinə  milyardlarla dollar sərmayə qoyması ilə əsaslandırılır. Bu iri miqyaslı maliyyə 1980-ci illərin “Təbii dil prosessorlarının (Natural language processors) meydana çıxarılması hadisəsini çıxmaqla uğurlu tədqiqatlar meydana çıxara bilmədikdə investorlar yenidən maliyyə vəsaitlərini geri çəkdilər və 1987-1993-cü illərdə süni intellekt sahəsində “ikinci qış” böhranı baş verdi.  

Keçən əsrin son 7, təxminən 1 dekadasında süni intellektin böyük uğurları “Ağıllı agentlər” rəqəmsal elektron qurğularla təmsil  olunur ki, bu da süni intellekt qışlarını “isidəcək gücdə olmayıb” nəhəng süni intellekt alimi Alan Türinqin ixtiralarının XX əsrdə əvəzolunmazlığını bir daha təsdiqləyir və süni intellekt gələcək əsrə onunla daxil  olur.

Xatirə QULİYEVA, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: