Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.11.2022 09:24
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 1979-cu il

Xalqa bağışlanmış ömürdən anlar: 1979-cu il

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

12 yanvar. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Ağdam-Xankəndi dəmir yolunun açılışında çıxış edib.

19 yanvar. Daxili İşlər Nazirliyinin rəhbər işçilərinin respublika müşavirəsində nitq söyləyib.

26 mart. Respublika təsərrüfat fəallarının yığıncağını keçirib.

10 aprel. Mirvarid Dilbaziyə “Azərbaycanın xalq şairi” fəxri diplomunu təqdim edib.

30 may. Neftçala rayonunun təsərrüfat fəalları ilə görüşüb.

4 iyun. Özbəkistan ədəbiyyat və incəsənət günlərində iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyəti ilə görüşüb.

5 iyun. Kənd təsərrüfatı işçilərinin respublika müşavirəsində çıxış edib.

16 iyun. Bəstəkar Fikrət Əmirovun “1001 gecə” baletinin premyerasından sonra yaradıcı heyətlə görüşüb.

17 iyul. Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.

24 iyul. Pambıqçıların zona müşavirəsində nitq söyləyib.

3 avqust. Respublika üzümçülərinin müşavirəsini keçirib.

17 sentyabr. Xocavənd rayonunun təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.

18 sentyabr. Kənd təsərrüfatı işçilərinin zona müşavirəsində çıxış edib.

27 sentyabr. Azərbaycan KP MK-da Ukrayna ədəbiyyat və incəsənət günlərinə həsr olunmuş müşavirədə nitq söyləyib.

1 oktyabr. Azərbaycan bəstəkarlarını qəbul edib.

2 oktyabr. Ukrayna incəsənəti və ədəbiyyatı günlərinin iştirakçıları ilə görüşüb.

12 oktyabr. Kənd təsərrüfatı işçilərinin respublika müşavirəsində nitq söyləyib.

19 noyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə ilə çıxış edib.

20 noyabr. VIII Ümumittifaq televiziya filmləri festivalının iştirakçılarını qəbul edib.

4 dekabr. Moskvada təhsil alan azərbaycanlı tələbə və aspirantlarla görüşdə çıxış edib.

7 dekabr. Azərbaycan Memarlar İttifaqının XII qurultayının iştirakçıları ilə görüşüb.

10 dekabr. Lənkəranda məhsul bayramına həsr olunmuş iclasda çıxış edib.

22 dekabr. Azərbaycan neft maşınqayırma sənayesi işçilərinin iclasında nitq söyləyib.

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Qarabağın dağlıq və aran hissələrinin təsərrüfat, iqtisadi cəhətdən daha sıx birləşdirilməsinə çalışırdı. Bu məqsədlə atılan addımlardan biri də Ağdam-Xankəndi dəmir yolu çəkilməsi oldu. 1979-cu il yanvarın 12-də həmin yol Heydər Əliyevin iştirakı ilə istifadəyə verildi.

1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi daxil oldu. Belə ki, daxili işlər orqanları təşkilati cəhətdən möhkəmləndirildi, sıraları saflaşdırıldı, peşəkar kadrlar vəzifələrə irəli çəkildi. Əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi gücləndirildi.

Respublika rəhbəri ayrı-ayrı rayonların təsərrüfat fəalları ilə görüşür, pambıqçılıq və üzümçülük üzrə müşavirələr keçirirdi. Bununla yanaşı, heyvandarlıq məhsullarının artırılması da qarşıda duran ən mühüm vəzifələrdən idi. Heydər Əliyev 1979-cu il martın 26-da Respublika təsərrüfat fəalları yığıncağında ət istehsalı və tədarükünün artırılmasının vacibliyindən danışdı və bununla bağlı hazırlanmış tədbirlər planı təsdiqləndi.

Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə respublikada güclü sənaye iqtisadiyyatının təməli qoyuldu. 1970-1980-ci illərdə neft maşınqayırma sənayesi öz inkişafının yeni mərhələsinə daxil oldu, bu sahənin strukturunda ciddi dəyişikliklər baş verdi, strateji müəssisələr yenidən quruldu, yeni istehsal sahələri işə salındı. Həmin dövrdə ağır sənayenin sütunu olan Dərin Özüllər Zavodunun inşası sənayeləşmənin geniş şəbəkəli dayaqlarını formalaşdırdı.

Azərbaycanda Bakı maşınqayırma zavodu, mayesiz transformatorlar zavodu, məişət kondisionerləri zavodu kimi nəhəng sənaye müəssisələri iqtisadiyyatın inkişafında mühüm rol oynayırdı. Keçmiş SSRİ Neft Maşınqayırma Sənayesi Kompleksinin dəzgah və avadanlıqları Bakıda istehsal edilirdi.

Ötən əsrin 70-80-ci illəri Azərbaycanın zəngin mədəni-ədəbi mühiti ilə səciyyəvidir. Həmin dövrdə ədəbiyyata, təsviri sənətə, balet və teatra qayğı da xeyli dərəcədə artmışdı. Heydər Əliyev yazıçılar, şairlər, bəstəkar, memarlarla görüşür, onların problemləri ilə maraqlanır, əməyini yüksək qiymətləndirirdi. Onun 1979-cu il aprelin 10-da Mirvarid Dilbaziyə “Xalq şairi” fəxri diplomunu təqdim etməsi, iyunun 16-da Fikrət Əmirovun “1001 gecə” baletinin tamaşasından sonra yaradıcı heyətlə görüşməsi bu qəbildən olan tədbirlər sırasındadır. Ümumiyyətlə, respublika rəhbəri mütəmadi olaraq mədəniyyət tədbirlərinə gəlir, yaradıcı heyətlə görüşür, bu və ya digər artistin ifasını dəyərləndirirdi. Bütün bunlar yaradıcı insanlara stimul verir, eyni zamanda, onları sənətə daha məsuliyyətlə yanaşmağa sövq edirdi.

Həmin dövr Azərbaycanın mədəni əlaqələrinin genişlənməsi baxımından da yadda qalıb. Bakıda Özbəkistan və Ukrayna respublikalarının ədəbiyyat və incəsənət günlərinin keçirilməsi, habelə VIII Ümumittifaq televiziya filmləri festivalı şəhərin mədəni-ədəbi mühitinə yeni rəng qatdı. Heydər Əliyev Bakıya gələn yaradıcı kollektivlərin nümayəndələri ilə də görüşür, söhbətlər aparırdı.

Ötən əsrin 70-ci illərində respublikada milli memarlığın inkişafına böyük diqqət yetirilirdi. 1979-cu il dekabrın 7-də Azərbaycan Memarlar İttifaqının XII qurultayının iştirakçıları ilə görüşündə çıxış edən Heydər Əliyev milli memarlıq, tarixi və müasir memarlıq üslublarından istifadə məsələləri ilə bağlı dəyərli tövsiyələrini verdi. Bütün bunların nəticəsi özünü paytaxtda və respublikanın digər şəhərlərində tikilən binaların, yaşayış komplekslərinin dəyişən simasında göstərirdi.

Heydər Əliyevin Azərbaycanda Ukrayna ədəbiyyatı və incəsənəti günlərinin iştirakçıları ilə görüşündəki nitqindən

• Ukraynanın görkəmli mədəniyyət ustalarının, Ukrayna incəsənətinin, bütün Ukrayna xalqının ən qabaqcıl nümayəndələrinin Azərbaycan torpağında olduqlarını görmək bizim üçün xoş və fərəhlidir. Azərbaycanda biz hamımız sizinlə tanış olub ünsiyyət bağladığımıza, incəsənətinizdən, yaradıcılığınızdan zövq aldığımıza sevinirik.

• Azərbaycanda hamı, Azərbaycanın bütün əhalisi bu günlər Ukrayna şair və yazıçılarının bədii sözünün və əsərlərinin, Ukrayna xalqının valehedici gözəl musiqisinin çox güclü və nəcib təsiri altında, sizin gözəl müğənnilərinizin, rəqqaslarınızın, musiqiçilərinizin sənətkarlığının çox güclü təsiri altında idi. Rəssamlarınızın, heykəltəraşlarınızın, qrafikaçılarınızın, tətbiqi sənət ustalarınızın əsərləri sərgilərə gələnlərin hamısına böyük təsir bağışlamışdır.

• İncəsənətin gücü təkcə onda deyildir ki, insanı sevindirir, ilhamlandırır, ucaldır, əməyə həvəsləndirir, onun həyatını zənginləşdirir, həm də ondadır ki, incəsənətin, ədəbiyyatın köməyi ilə xalqın daxili aləmini öyrənmək, onun əzəmətini görmək mümkün olur.

VIII Ümumittifaq Televiziya Filmləri Festivalının iştirakçıları ilə görüşdəki nitqindən

• Son illərdə televiziyada kino vasitələrindən geniş istifadə edilməsi adamların şüurunu, fəal həyat mövqeyini formalaşdırmağın mühüm vasitəsi kimi onun əhəmiyyətini daha yüksəyə qaldırmışdır. Telekinonun köməyi ilə ədəbiyyat və incəsənət, jurnalistika işçilərinin yaradıcılıq fəaliyyəti üçün yeni böyük imkanlar açılır.

• Azərbaycanın zəngin tarixi var. Biz Nizami, Nəsimi, Xaqani, Vaqif kimi təfəkkür nəhənglərinin, ədəbiyyat korifeylərinin adlarını iftixarla çəkirik. Onlar bəşər mədəniyyətinin inkişafına çox böyük töhfə vermişlər.

Azərbaycan Memarlar İttifaqı rəyasət heyətinin üzvləri ilə görüşdəki çıxışından

• Ona nail olmaq lazımdır ki, tikilən hər binanın özünün fərqləndirici arxitektura görkəmi olsun, xüsusən şəhərlərin mərkəzi küçələrində və meydanlarında tikinti zamanı birtipli layihələrdən istifadə olunması minimuma endirilsin. Bu zaman milli arxitektura formalarından geniş istifadə edilməli, onlar müasir üsullarla bacarıqla əlaqələndirilməlidir.

• Tikilən binaların eksteryerlərində və interyerlərində naxışlardan istifadə olunmalıdır. Naxışlar Azərbaycan milli arxitekturasının səciyyəvi elementidir. Təəssüf ki, bizdə naxışvurma ustaları, daş və ağac üzərində naxış açanlar yoxdur. Biz Azərbaycanın bu qədim sənətini dirçəltməliyik. Həmin sahədə kadrlar hazırlanması üçün xüsusi məktəblər yaradılmalıdır. Arxitektorların, rəssamların, heykəltəraşların yaradıcı əməkdaşlığı daimi və səmərəli xarakter daşımalıdır.

  • Paylaş: