Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.11.2022 10:08
  • A-
  • A
  • A+

Rəsədxananın baş direktoru beynəlxalq konfransda iştirak edib

Rəsədxananın baş direktoru beynəlxalq konfransda iştirak edib

“Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” mövzusunda BMT/Azərbaycan beynəlxalq tədbiri (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”) keçirilir.

Tədbir Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) dəstəyi ilə baş tutur.

Hibrid formada təşkil olunan konfransa bilavasitə və onlayn olmaqla dünyanın 36 ölkəsindən alimlər qoşulublar.

Oktyabrın 31-də konfransın açılış mərasimində təşkilatçılar və rəsmilərin nitqindən sonra N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov da çıxış edib. O qeyd edib ki, konfransın əsas mövzusu — Günəş-Yer əlaqələri, Kosmik hava problemləri birbaşa ŞAR-ın prioritet istiqamətlərindəndir. Hələ kosmik eranın başlanğıcında rəsədxana öz fəaliyyətinə bu sahədə (Günəş aktivliyi, Günəş ləkələrinin koordinatlarının xromosfer teleskopunda təyini, alışmalar, tac tullantıları, bütün bunların Yerin süni peyklərinə mümkün təsirinin proqnozlaşdırılması) başlayıb. Bu gün də Kosmik hava problemləri aktual olaraq qalır. Bundan əlavə, alim yaxın kosmosa aid planlaşdırılan işlər haqqında (yerüstü kosmik monitorinq, atmosferin optik modellərinin təyini və bunlardan peyk təsvirlərinin analizində istifadə, peyklərə ciddi problem yaradan kosmik tullantıların teleskopların köməyi ilə tədqiqi, Yerin asteroid təhlükəsizliyi və s.), bunların keçirilən konfransa birbaşa aidiyyatı haqqında məlumat verib. Çıxışın sonunda isə bütün Azərbaycan astronomlarının adından konfrans iştirakçılarını salamlayıb, onun işinə uğurlar arzulayıb.

Konfransın ikinci günündə Namiq Cəlilov Sürəti səs sürətindən yuxarı anizotropik plazma axınlarının dayanıqsızlığı problemləri (Kelvin-Helmholtz MHD instabilities of supersonic shear lauers with heat flux in anisotropic space plasmas) mövzusunda maraqlı elmi çıxış edib. Çıxışın əsas məqsədi Günəş küləyinin Yer orbitində yaratdığı turbulensiya, onun Yerin maqnitosferinə təsiri, maqnit qasırğalarının mənşəyi kimi aktual problemlərin tədqiqində əldə edilmiş yeni nəticələrin konfrans iştirakçılarının diqqətinə çatdırılması olub. Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Noyabrın 5-dək davam etməsi planlaşdırılan beynəlxalq konfrans Kosmik Hava və Qlobal Peyk Naviqasiya Sistemləri üzrə elmi, təcrübi biliklərin mübadiləsi və müzakirəsi məqsədilə dünyanın müxtəlif ölkələrindən olan alim və mütəxəssislərin plenar, şifahi və poster məruzələrilə Günəş fizikası, Günəş-Yer əlaqələri, Kosmik Hava Cihazları və Məlumatlar Bazası, Kosmik Havanın Modelləşdirilməsi, Qlobal Naviqasiya Peyk Sistemlərinə Kosmik Hava Təsirləri, Geosfer, Maqnitosfer-İonosfer-Termosfer əlaqələri, Milli Kosmik Hava Proqramları və Tədqiqatları, Təhsil və Təcrübə proqramları üzrə çıxışları fonunda öz işini davam etdirməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: