Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan maarifçiliyi, yeni ictimai-mədəni fikrin formalaşması yolunda böyük xidmətləri olmuş Zaqafqaziya Müəllimlər Seminariyasının fəaliyyəti haqqında məşğələ keçirilib.
“Zaqafqaziya Müəllimlər Seminariyasının təşəkkülü” mövzusunda keçirilən tədbirdə muzeyin Ekspozisiyanın qorunması, izahı, audio müşaiyətin təmini şöbəsinin müdiri Tomiris Babanlı çıxış edərək yerləşdiyi Qori şəhərinin adı ilə məşhur olan bu təhsil ocağına türk-müsəlman gənclərinin də qəbul edilməsi tarixindən danışıb.
Milli tərəqqiyə yol açan bu müqəddəs işdə böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin rolunu vurğulayan məruzəçi bildirib ki, M.F.Axundov türk-müsəlman balalarına təhsil verəcək mötəbər bir məktəbin açılması haqqında layihəni Qafqaz canişininə təqdim edərkən, ona bu millətin içərisində yetişmiş professor Mirzə Cəfər Topçubaşov, Peterburq Universitetinin fəxri doktoru Mirzə Kazım bəy və maarifçi xadim Həsən bəy Zərdabi haqqında da məlumat verib.
Tomiris Babanlı Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdindəki Türk-tatar şöbəsinin fəaliyyəti dövründə onu maddi baxımdan dəstəkləyən tarixi simalardan birinin Bakı milyonçusu Hacı Hacıağa Dadaşovun oğlu, Avropada təhsil almış Ağa Yusif Dadaşov olduğunu diqqətə çatdırıb.
O, XX əsrin əvvəllərində baş vermiş siyasi toqquşma və inqilablar zamanı Türk-tatar şöbəsinin görkəmli alim, pedaqoq Firidun bəy Köçərlinin səyləri ilə Qazax bölgəsinə köçürülməsi, Seminariyanın Azərbaycandakı fəaliyyət illəri və yeni nəsil yetirmələri haqında da geniş məlumat verib.
Elmi seminar məşğələsində muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, professor Xatirə Bəşirli, İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu və digərlərinin sual və çıxışları səslənib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.