Fransa Prezidenti Emmanuel Makronun 2022-ci il oktyabrın 12-də “France-2” telekanalına müsahibəsində səsləndirdiyi absurd fikirlərə və irəli sürdüyü əsassız ittihamlara bir Azərbaycan vətəndaşı, bir tarixçi kimi münasibətimi bildirmək istəyirəm.
Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan Türkiyə, Rumıniya və Pakistan kimi dövlətlər sırasında Fransa da olsa da müəyyən vaxtlarda Paris rəsmilərinin Fransadakı erməni lobbisini təsiri altında hərəkət edərək iki ölkə arasında münasibətlərə kölgə salan addımlar atdığını qeyd etmək lazımdır.
ATƏT-in Minsk qrupunun həmsədrliyi öhdəliyini daşıyan və Dağlıq Qarabağın işğaldan azad olunması ilə bağlı danışıqlar prosesində əsas vasitəçilərdən biri olan Fransanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibəti bu və ya digər formada, açıq şəkildə olmasa da həmişə birtərəfli və qərəzli olub və onun xarici siyasi xəttində ikili standartların olması özünü aşkar göstərir. O cümlədən, qondarma “erməni soyqırımı” ilə əlaqədar Fransada qanun qəbul olunması bu cür siyasətin bariz nümunəsidir.
Əvvəlki Fransa prezidentləri də ermənipərəst siyasət yürüdürdülər. Emmanuel Makron hakimiyyətə gələndən sonra isə ermənilərə hər cür dəstək daha da artmışdır.
İşğalçı Ermənistanın 27 sentyabr 2020-ci il tarixdə başlatdığı 44 günlük müharibə zamanı Fransa öz qərəzli mövqeyini açıq-aşkar sərgilədi. Müharibə dönəmində “Dağlıq Qarabağın” müstəqilliyinin tanınması ilə bağlı sənəd əvvəlcə Senatda, sonra isə Milli Assambleyada qəbul olundu.
II Qarabağ müharibəsi başlayan gün və daha sonra iki dəfə E.Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib hərbi əməliyyatları dayandırmağı tələb etmişdir. O, həm də əsassız yerə Azərbaycanı guya muzdluları öz tərəfindən vuruşmaq üçün çağırmaqda ittiham etməkdən çəkinməmişdir.
E.Makron bununla yanaşı, dünyanın müxtəlif ölkələrində ictimaiyyət qarşısında məsuliyyətsiz çıxışlar edərək Azərbaycanı təcavüzkar, Ermənistanı isə təcavüz qurbanı kimi qələmə verməyə çalışırdı.
II Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə bitəndən sonra E.Makron Dağlıq Qarabağ ərazisinin Azərbaycan torpaqları olduğunu etiraf etdi. Belə ki, o, 21 noyabr 2020-ci il tarixində Parisdəki “Hayastan” pan-erməni fondunun nümayəndələri ilə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suala cavab olaraq Qarabağ bölgəsinin illərdir Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olduğunu etiraf etmişdir.
Gözləmək olardı ki, Fransa prezidenti bir daha yanlış addım atmayacaq. Lakin belə olmadı. 2022-сi il oktyabrın 12-də “France-2” telekanalına təxminən bir saat davam edən müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi, Rusiya-Ukrayna müharibəsi və Rusiyadan gələn təhlükə barədə danışan Makron yenə də həddini aşmışdır. Fransanın Ermənistanla xüsusi münasibətlərinin olmasını guya Ermənistanın hər zaman regionda sülh və firavanlıq uğrunda mübarizə aparması ilə “əsaslandıran” E.Makron deyib ki, iki il əvvəl Ermənistan Dağlıq Qarabağ adlanan, beynəlxalq səviyyədə tanınmayan, Azərbaycanın ortasında yerləşən mübahisəli ərazidəydi. Azərbaycan dəhşətli, çoxsaylı itkilərlə nəticələnən müharibəyə başladı və bu ərazini tutdu. Bir sıra ölkələrdə soyqırımı gerçəkləşdirən, müsəlmanlara qarşı ayrı-seçkilik aparan, anti-Türkiyə siyasəti yürüdən bir ölkənin başçısının tolerantlıq meyarı olan Azərbaycana qarşı belə əsassız ittihamlar irəli sürməsi absurddur, deyilmi?
E.Makron bu ilin sentyabrında Ermənistanla Azərbaycan arasındakı silahlı toqquşmadan bəhs edərkən Azərbaycanı guya güman ki, digər ərazisi ilə arasında dəhliz açmaq üçün sərhəddə bir neçə hücum əməliyyatı keçirməkdə ittiham edib. E.Makron bəyəm bilmir ki, Ermənistanın 1992-1994-cü illərdə həyata keçirdiyi işğallar nəticəsində iki ölkə arasında sərhəd xətti dəqiqləşməyib. Azərbaycan bu ilin sentyabrında təmas xəttində düşmənin təcavüz əməllərinin qarşısını almaq üçün haqlı olaraq əməliyyat keçirib, hücuma hazırlaşan Ermənistan ordusunun mövqelərini darmadağın edib. Azərbaycan istəsəydi əməliyyatın miqyasını genişləndirərək Ermənistan ərazisinə doğru irəliləyərdi. Ancaq ordumuz Ermənistanın heç bir yaşayış məntəqəsinə daxil olmadı.
Müsahibədə E.Makron son aylarda Moskvanı “gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla” məşğul olmaqda ittiham edib. Guya rusların bir neçə yüzillik münaqişədən istifadə edib, Türkiyənin də iştirakı ilə Azərbaycanla oyuna qatılıb və nə vaxtsa yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri döndüyünü iddia edib: ”Burada baş verənlər Rusiyanın destabilləşdirici manevridir. Rusiya bizim hamımızı zəiflətmək üçün Qafqazda iğtişaşlar yaratmağa çalışır”. E.Makron guya anlamır ki, Rusiya öz forpostunu zəiflədərmi? O deyib: ”Fransa burdadır və vasitəçi dövlətdir, biz erməniləri atmayacağıq.”
Təbii ki, Azərbaycanın rəsmi reaksiyası sərt olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev E.Makronun müsahibəsindən cəmi iki gün sonra, oktyabrın 14-də MDB Dövlət Başçıları Şurasının Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş sammitində çıxış edərək bu bəyanatı qətiyyətlə pislədi. Onun sözlərini “təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli” adlandıraraq qeyd edib ki, E.Makron “manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib”. Praqadakı görüşdən bir həftə keçməmiş Azərbaycanın ünvanına bu cür ittihamların səsləndirilməsi anlaşılan deyil. Azərbaycan Prezidenti deyib: ”Belə bəyanatları qəti surətdə pisləyir və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının mümkünlüyünü görmürük”.
Prezident İlham Əliyevin sözlərinə görə, əvvəlki Fransa prezidentləri ilə sıx ünsiyyət olub və onlarla münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi. “Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini balanslaşdırılmış qəbul edirdik”, - deyə Prezident İlham Əliyev bildirib.
Prezident bildirib ki, Fransa parlamentində Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Prezident İlham Əliyev Fransadakı Azərbaycan səfirliyinə edilmiş hücumları qətiyyətlə pisləyib bəyan etdi: “Bu qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir”.
Elə sağlam düşünən obyektiv fransızlar da Makronun bu bəyanatını pisləyirlər. Fransada fəaliyyət göstərən Vicdan Azadlığı Uğrunda Koordinasiya Mərkəzinin rəhbəri Tyeri Vale açıq müraciətində E.Makronu son bəyanatına görə sərt tənqid edərək deyib ki, E.Makron bu bəyanatla Cənubi Qafqazda həssas sülhü təhlükə altına alıb. T.Vale sonuncu Praqa görüşündə tərəflərin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıması kimi vacib addımı fonunda, Makronun “Qarabağı Ermənistanın ürəyi” adlandırmasını beynəlxalq normalara hörmətsizlik sayaraq, bu razılığa zərbə vurduğunu qeyd edib. O, E.Makronu ikiüzlülükdə ittiham edərək Xocalı faciəsini törətmiş Ermənistanın “tolerantlıq uğrunda mübarizə” aparması iddiası ilə bir araya sığmadığını bildirib.
Tofiq MUSTAFAZADƏ, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmələri doktoru, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.