Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

06.11.2022 15:49
  • A-
  • A
  • A+

Qax rayonunun Qıpçaq kəndi ərazisində arxeoloji tədqiqatlar davam edir

Qax rayonunun Qıpçaq kəndi ərazisində arxeoloji tədqiqatlar davam edir

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Albanşünaslıq Elmi Mərkəzinin Qafqaz Albaniyasının maddi mədəni irsinin arxeoloji tədqiqi sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Taleh Əliyevin rəhbərliyi ilə Şimal-Qərbi Azərbaycanın Alban dövrü arxeoloji abidələri ekspedisiyası bir aya yaxındır ki, Qax rayonunun Qıpçaq kəndinin cənub hissəsində, Əyriçayın sağ sahilində, şərti olaraq Qıpçaqtəpə adlanan abidədə arxeoloji qazıntı işlərinini davam etdirir.

Abidə albanşünas arxeoloq Taleh Əliyev tərəfindən elmi ədəbiyyata gətirilıb. Cari tədqiqat mövsümündə abidənin qərb hissəsində açılmış qazıntı sahəsində Antik dövrə aid torpaq qəbirlər aşkar olunub. Qəbirlərdən sağ tərəfi üstdə, qismən bükülü vəziyyətdə dəfn olunmuş insanlara aid skeletlər və maddi-mədəniyyət qalıqları üzə çıxarılıb. Maraqlı tapıntılar içərisində həm əvvəlki ildə, həm də cari mövsümdə tapılmış kiçik qadın bütləri var.

Ekspedisiya rəhbərinin sözlərinə görə, Qıpçaqtəpə abidəsində yaşayış eradan əvvəl VI-V əsrlərdə başlamış, Antik dövrdə ərazidə küp və torpaq qəbirlərdə dəfnetmə adəti mövcud olmuşdur. İlk orta əsrlər və klassik orta əsrlər mərhələsində ərazidə yaşayış şimal və şərq hissədə davam etmişdir. Abidə Qanıx-Əyriçay hövzəsində yerləşən digər Antik və ilk orta əsr Alban dövrü abidələri ilə (Torpaqqala (Almalı), Torpaqqala (Lələli), Ağyazı, Qarabulaq, Qalaşəhər) bənzər maddi-mədəniyyət nümunələrini özündə daşıyır.

Hazırda arxeoloji tədqiqatlar davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: