AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarında “Radiasiya şüalanmasının ölçülməsi mexanizmləri və qurğuları” mövzusunda məruzə dinlənilib.
Mövzuya dair çıxış edən AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbər müavini Tural Mustafayev radiasiya və onun fiziki formaları, radioaktiv parçalanma, nüvə parçalanması, ionlaşdırıcı və qeyri-ionlaşdırıcı radiasiya haqqında ətraflı məlumat verib. O, radioaktivliyin, şüalanmanın, udulmuş dozanın və doza (effektiv doza) ekvivalentinin ölçülməsi üçün fərqli, lakin bir-biri ilə əlaqəli vahidlər barədə danışıb.
“Radiasiya detektorları hiss etmək üçün nəzərdə tutulmuş şüalanma növü və ya onların əsas fəaliyyət prinsipləri ilə xarakterizə edilə bilər. Funksionallıq baxımından radiasiya detektorlarına sayğaclar, spektrometrlər və radiasiya dozimetrləri daxildir”, - deyə T.Mustafayev bildirib. Tədqiqatçı radiasiya detektorlarının ən çox yayılmış növləri olan qazla doldurulmuş, sintilyasiya şüalanma və bərk maddəli radiasiya detektorları, eləcə də onların iş prinsipləri haqqında məlumatı da seminar iştirakçılarının diqqətinə çatdırıb.
Sonra institutun baş mühəndisi Şakir Mehdiyev, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov, baş mütəxəssis Oqtay Ələkbərov və digər əməkdaşlar müzakirələrdə iştirak edərək mövzuya dair fikirlərini bölüşüblər.
İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək, radiasiya şüalanmasının ölçülməsi mexanizmləri ilə bağlı aparılan tədqiqatların daha da dərinləşdirilməsinə dair təklif və tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.