AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) 2 fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib.
MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov öncə kitabxananın gənc əməkdaşlarını təbrik edib, gənclərin hər bir dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirib.
Bu əlamətdar tarixi günə qısa nəzər salan MEK rəhbəri Ulu Öndər Heydər Əliyevin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxdığını vurğulayıb. "Bugünkü Azərbaycan gəncliyi Ümummilli Liderin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, gənclər onlara göstərilən diqqət və qayğını dərin ehtiram hissi ilə xatırlayır",- deyə Hüseyn Hüseynov əlavə edib.
Natiq hər sahədə olduğu kimi Akademiyada da gənclərin peşəkar mütəxəssis kimi yetişmələri üçün əlverişli şəraitin olduğunu, bu elm ocağında gənclərin fəaliyyətinin stimullaşdırılması üçün əhəmiyyətli tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, Gənclər Günü ərəfəsində akademiyada 35 yaşadək elmi dərəcə almış bir qrup alimin mükafatlandırılması da dövlət tərəfindən gənclərə göstərilən diqqətin bariz nümunəsidir.
H.Hüseynov bildirib ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərmanlar, dövlət prqramları respublikamızın dinamik inkişafına öz töhfəsini verir.
Tədbir müddəti 2024-cü il ərzində nüfuzlu elmmetrik bazalar olan Web of Science və Scopus-da ən çox məqalə nəşr etdirdiyinə görə MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovun AMEA Rəyasət Heyətinin 20 dekabr 2024-cü il tarixli qərarına əsasən AMEA-nın birinci yer üzrə diplomu ilə təltif olunduğu diqqətə çatdırılıb.
AMEA Rəyasət Heyətinin Qərarına əsasən 2024-cü il üzrə AMEA-nın “İlin gənc alimi” mükafatı müsabiqəsinin Mərkəzi Elmi Kitabxana üzrə qalibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva öz növbəsində, bu gün münasibətilə bütün gəncləri təbrik edib. Gənc alim çıxışı zamanı gənclərin fəaliyyətini dəstəklədiyinə və yaradılan əlverişli iş şəraitinə görə minnətdarlığını bildirib.
Daha sonra Rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tar.ü.f.d. Oruc Quliyev, MEK-in Kitabxana işləri üzrə direktor müavini fil.ü.f.d., dosent Şəhla Quliyeva, MEK-in elmi katibi Şəbnəm Rüstəmova və digər çıxış edənlər gənclərə göstərilən dövlət qayğısından danışıblar. Cari ildə 100 illiyi qeyd olunacaq Mərkəzi Elmi Kitabxananın çox məsuliyyətli bir dönəmə daxil olduğunu və qarşıya qoyulan prioritetlərdə daha çox gənclərin əməyindən faydalanacaqlarını qeyd ediblər, ölkə kitabxana məkanında ilk dəfə olaraq AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “MEK könüllüləri”nin fəaliyyətə başlamağını və həmin gənclərdən bir neçəsinin MEK-də işlə təmin olunmasını da önəmli addım adlandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.