Noyabrın 16-da AMEA-nın Əsas binasında “Şuşa ili”nə həsr olunmuş “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə başçısının Sərəncamı ilə 2022-ci ilin respublikamızda “Şuşa ili” elan edilməsi ilə əlaqədar AMEA-nın elmi müəssisə və təşkilatlarında ardıcıl olaraq tədbirlərin keçirildiyini bildirib.
Akademik İsa Həbibbəyli bugünkü beynəlxalq elmi konfransın əsas məqsədinin Qarabağla bağlı aparılan tədqiqatların nəticələrinin elmi ictimaiyyətə təqdim edilməsi olduğunu qeyd edib. AMEA rəhbəri, həmçinin dekabr ayında AMEA-nın Rəyasət Heyətinin “Şuşa ili”nin yekunlarına həsr olunmuş xüsusi iclasının keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
“Hesab edirəm ki, “Qarabağ irsi: mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans “Şuşa ili”nə sanballı elmi töhfələri ilə seçiləcək”, - deyə bildirən akademik İsa Həbibbəyli tədbirdə təqdim olunacaq məruzələrin əhəmiyyətindən bəhs edib, konfransın işini yüksək qiymətləndirib. O, konfransın Memarlıq və İncəsənət İnstitutunun “Şuşa ili”nə təqdim etdiyi tədqiqatlar ilə bağlı hesabat xarakteri daşıdığını vurğulayıb. Alim əlavə edib ki, böyük ictimai-siyasi əhəmiyyətə malik olan və ölkə Prezidentinin çağırışlarına cavab verən bu konfransda səsləndiriləcək fikirlər, müddəalar, mühüm elmi nəticələr, eyni zamanda Qarabağın Azərbaycan torpağı olduğunu bir daha sübut edən isbat materiallarıdır.
Daha sonra Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək Qarabağın Azərbaycanın mühüm tarixi ərazilərindən biri olmaqla yanaşı, həm də milli incəsənətimizin, mədəniyyətimizin təşəkkül tapdığı bölgələrindən olduğunu qeyd edib. Azərbaycan mədəniyyətinin formalaşmasında Qarabağın əvəzsiz rola malik olduğunu deyən institutun baş direktoru zəngin memarlıq irsi ilə seçilən bu bölgədə yer alan tarixi-memarlıq abidələrinin yaşının yüz illərlə ölçüldüyünü vurğulayıb. O, Qarabağın əsrlər boyu bənzərsiz sənət əsərlərini yaradan istedadlı sənətkarları, onları yetişdirən sənətkarlıq məktəbləri olduğunu qeyd edərək Qarabağ Memarlıq Məktəbinin bu istiqamətdə fəaliyyətindən danışıb.
Ərtegin Salamzadə tədbirin Qarabağın mədəniyyəti, memarlığı və incəsənət irsinin tədqiqi baxımından əhəmiyyətini qeyd edib, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə akademik Zemfira Səfərova “Şuşa Azərbaycanın musiqi mədəniyyətidir”, professor Kübra Əliyeva “Şuşa sənət beşiyidir. Şuşa xalçaları və onların dünya mədəniyyətində yeri”, türkiyəli alim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ahmet Aytac “Ornament quruluşu baxımından Qarabağ və Anadolu xalçaları”, Kanadadan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Polina Desyatniçenko “Qarabağ səsinin təsiri və fenomenologiyası”, memarlıq üzrə fəlsəfə doktoru Rizvan babaşov “Şuşanın şəhərsalma problemləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova “Şuşa şəhərinin tarixi muzeyinin yaradılması Qarabağ bölgəsinin tarixi-mədəni irsinin təbliğinə mühüm töhfə kimi” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransda, həmçinin “Azərbaycan heykəltəraşlığında qəhrəmanlıq mövzusu (Qarabağ müharibəsi kontekstində)”, “Təsviri sənətdə Qarabağ mövzusu: minordan majora”, “Qarabağda mədəni siyasətin əsas istiqamətləri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, beynəlxalq tədbirdə Qazaxıstan, Özbəkistan, Türkmənistan və Kanadadan olan alimlər də məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.