AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Springer Nature” nəşriyyatının genişləndirilmiş Şərqi Avropa üzrə vitse-prezidenti Dr. Aliaksandr Birukou ilə görüşüb.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaranmasının 80 illiyinin tamam olduğunu bildirib və AMEA-nın ötən müddət ərzində ölkəmizin inkişafında, elmin cəmiyyətin bir parçasına çevrilməsində mühüm rol oynadığını söyləyib. Azərbaycan elmində həyata keçirilən islahatlar barədə qonağa məlumat verən akademik İsa Həbibbəyli bu gün AMEA-da humanitar və ictimai elmlər, eləcə də seysmologiya istiqamətində tədqiqatların aparıldığını söyləyib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə Azərbaycan elminin beynəlxalq elmi mühitdə daha fəal şəkildə təmsil olunması prioritet istiqamətlərdən biridir və “Springer Nature” nəşriyyatı ilə əməkdaşlıq bu sahədə fəaliyyətə mühüm töhfə verə bilər. AMEA rəhbəri bildirib ki, xüsusilə alimlərimizin monoqrafiya və elmi məqalələrinin “Springer Nature” kimi nüfuzlu nəşriyyatda çapının Azərbaycan elminin dünyada nüfuzunun artması, elmi tədqiqatlarımıza istinadların çoxalması baxımından faydalı olacağını vurğulayıb.
Akademik İsa Həbibbəyli elmi məqalələrlə yanaşı, Milli Elmlər Akademiyasını tanıtdıracaq elmi-populyar kitabın və dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair monoqrafiyanın “Springer Nature” nəşriyyatında nəşrinə dair fikir mübadiləsi aparıb.
Sonra çıxış edən “Springer Nature” nəşriyyatının genişləndirilmiş Şərqi Avropa üzrə vitse-prezidenti Dr. Aliaksandr Birukou təmsil etdiyi qurum barədə məlumat verib. Qeyd edib ki, nəşriyyat tərəfindən açıq giriş (Open Access) imkanları ilə həm müəlliflərin, həm də oxucuların məqalələrə, nəşrlərə əlçatanlığına şərait yaradılır və elmin cəmiyyətdə nüfuzunu qoruması təmin edilir. Dr. Aliaksandr Birukou, həmçinin nəşriyyatın imkanları, jurnallara məqalələrin qəbulu, monoqrafiyaların çapına dair tələblər və digər bir sıra vacib məqamları diqqətə çatdırıb.
Görüşdə humanitar və ictimai elmlər sahəsində birgə fəaliyyət imkanlarına dair geniş müzakirələr aparılıb.
Sonra qonağa hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Daha sonra “Springer Nature” nəşriyyatının rəsmisi AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.
Görüşdə AR ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Bakı Mühəndislik Universitetinin prorektoru AMEA-nın müxbir üzvü Ağası Məlikov, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov və “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.