AR Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi şurasında institutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatları dinlənilib.
İnstitutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, cari ildə institutun elmi fəaliyyəti uğurlu olub. Belə ki, bu il fundamental və tətbiqyönlü mühüm elmi nəticələr əldə olunub, həmin nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunub. Eyni zamanda institutun beynəlxalq elmi əməkdaşlıq əlaqələri genişləndirilib, ixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb.
Sonra akademik qeyd edib ki, bu gün Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası şöbəsinə daxil olan Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi, Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi, Kimya sənayesinin yan məhsullarının emalı, Zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi, Mineral sorbentlər, Qeyri-üzvi sintetik sorbentlər laboratoriyalarının hesabatları dinləniləcək.
Qeyd olunan laboratoriyaların 2022- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan məqalələr haqqında laboratoriya rəhbərlərinin məruzələri dinlənilib. Laboratoriya müdirləri ağır qətrandan dizel yanacağının alınması, qızıl atomlarının qrafenin defektli səthinə adsorbsiyasının modelləşdirilməsi, saxlama müddəti başa çatmış tərkibində amin qrupu olan zəhərli kimyəvi maddələrin utilizasiyası, laylı və karkas strukturuna malik (seolitlər, bentonitlər, kaolin, diatomit və s.) məsaməli alümosilikatlar əsasında kompozit materialların hazırlanması, strukturlaşmış neft emulsiyasının reologiyası və fiziki proseslərin modelləşdirilməsi sahəsində aparılan tədqiqat işləri haqqında geniş məlumat veriblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Akademik Dilqəm Tağıyev hesabatlar barəsində, gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verib. Alim qeyd edib ki, növbəti ildə fundamental tədqiqatlarla yanaşı, respublika iqtisadiyyatına töhfə verəcək işlərə üstünlük verilməli, eyni zamanda ali təhsil müəssisələri ilə birgə elmi-tədqiqat işlərinin aparılmasına diqqət yetirilməlidir.
Qeyd edək ki, hesabatı təqdim edən şöbə əməkdaşlarının cari ildə ümumilikdə 30 məqaləsi çap olunub ki, onlardan 10-u “Web of Science”, 8-i “Scopus”, 6-ı digər beynəlxalq bazalarda indeksləşən jurnallarda dərc olunub. Şöbə əməkdaşlarının 1 monoqrafiyası, hərəsində bir fəsil olmaqla 2 kitabı xaricdə nəşr olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.