Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.11.2022 10:16
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda YAP-ın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

İdarəetmə Sistemləri İnstitutunda YAP-ın 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

AR Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Yeni Azərbaycan Partiyasının (YAP) 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva,  institut rəhbərliyi, şöbə və laboratoriya müdirləri, gənc tədqiqatçılar iştirak ediblər.

Tədbirdə İSİ əməkdaşlarının hazırladığı YAP-ın yaranması və inkişafının tarixi anlarını əks etdirən videoçarx nümayiş olunub. Sonra müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşub canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin ölkənin müstəqilliyi və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən, YAP-ın yaranması və inkişaf edərək ümumxalq partiyasına çevrilməsindən danışıb.

Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu bildirən Ə.Abbasov Ümummilli Liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif mərhələlərinə nəzər salıb. Azərbaycanın tarixində çətin dövrlərdən biri olan ötən əsrin 80-90-cı illərini ətraflı şəkildə xarakterizə edən akademik dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının rifahı uğrunda apardığı mübarizədən ətraflı şəkildə bəhs edib. Qeyd edib ki, sözügedən dövrdə müxtəlif maneələrə, təzyiqlərə baxmayaraq Heydər Əliyevin əsas amalı daima Azərbaycanın inkişafı və dövlət müstəqilliyinin qorunması olmuşdur. Məhz siyasi-iqtisadi böhranın kulminasiya nöqtəsinə çatdığı zaman ölkə ziyalıları dövlətçiliyin dirçəldilməsi istiqamətində yeganə ümid yeri olan Ulu Öndərə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etdilər. Beləliklə, 24 oktyabr 1992-ci ildə Ümummilli Lider ziyalıların müraciətinə müsbət cavab vermiş, 1992-ci il noyabrın 21-də isə Yeni Azərbaycan Partiyası yaradılaraq dahi şəxsiyyət Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmişdir.

YAP-ın tarixi və ölkənin inkişafı istiqamətində müxtəlif sahələrdə atılan addımlardan, Ulu Öndərin uzaqgörən siyasətindən bəhs edən Ə.Abbasov bildirib ki, məhz Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, dünya məkanında öz layiqli yerini tutmuş, YAP Azərbaycanın iqtidar partiyasına çevrilmişdir.

Respublikanın müasir dövrdə qüdrətinin və dinamik inkişafının təməlinin məhz dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik siyasətilə bağlı olduğunu bir daha vurğulayan Ə.Abbasov ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələnin Ulu Öndərin siyasi kursunun davamçısı, cənab İlham Əliyevin Azərbaycanın Prezidenti seçilməsi ilə başlandığını bildirib. Ə.Abbasov İlham Əliyevin YAP-a sədrlik etdiyi dövrdə həyata keçirilən, dövlətin hərtərəfli inkişafına istiqamətlənən siyasi, istiqadi və sosial proseslərdən ətraflı şəkildə bəhs edib. İkinci Qarabağ müharibəsində qazanılan qələbə ilə Azərbaycanın yeni dövrə qədəm qoyduğunu vurğulayan akademik əldə olunan zəfərin məhz ölkə başçısının qətiyyəti, uzaqgörən siyasi iradəsi, rəşadətli ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində mümkün olduğunu bildirib. 

Çıxışının sonunda Azərbaycan tarixində əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Ə.Abbasov partiyaya qarşıdan gələn “Heydər Əliyev İlində dövlətçiliyin inkişafı istiqamətində yeni uğurlar arzu edib.

Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək təkcə Azərbaycanda deyil, ümumilikdə SSRİ məkanında yüksək iradəsilə seçilən Heydər Əliyevin XX əsrin 60-80-ci illərində yürütdüyü uzaqgörən siyasətindən, ölkənin çiçəklənməsi, azərbaycançılıq məfkurəsinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib.

XX əsrin 60-cı illərində sosial-iqtisadi sferalarda dərin və uzunmüddətli böhranın baş verdiyi, olduqca mürəkkəb bir şəraitdə Azərbaycanın iqtisadi göstəricilərə əsasən ittifaq respublikaları arasında sonuncu yerdə olduğunu bildirən B.Nəbiyev 1969-cu iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsilə inkişaf tarixinin başlanğıcının qoyulduğunu bildirib. Qeyd edib ki, məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində uzunmüddətli gerilik dövrü mütləq inkişafla əvəz edildi, böhranın aradan qaldırılmasına nail olundu. Heydər Əliyevin fədakar əməyi, xüsusi təşkilatçılığı və diplomatik sahələrdə qabaqcıl dünya dövlətlərilə qurulan əməkdaşlıq əlaqələri sayəsində iqtisadi inkişaf dinamikası artdı, Azərbaycan müasir ölkələr sırasında nüfuzlu dövlət kimi öz layiqli yerini tutdu.

YAP-ın yaranması və inkişaf tarixindən ətraflı şəkildə bəhs edən B.Nəbiyev Ulu Öndərin təşəbbüsü ilə imzalanan, ölkənin iqtisadi inkişafına istiqamətlənən “Əsrin müqaviləsi”nin XX əsrin 90-ci illərində mütərəqqi hadisələrdən biri olduğunu bildirib. O, Azərbaycanda qabaqcıl texnologiya istehsalı, elmi nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və bir çox sahələrdə Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib.

Bu gün Ulu Öndərin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirən B.Nəbiyev müasir dövrdə müxtəlif sahələrdə ölkənin inkişafına istiqamətlənən quruculuq işlərindən danışıb, bu istiqamətdə partiyanın fəaliyyətini yüksək qiymətləndirib.

Çıxışının sonunda tədbirin keçirilməsində göstərilən təşəbbüsə görə təşəkkürünü bildirən B.Nəbiyev Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə İSİ-nin baş direktoru, akademik Əli Abbasova və İSİ YAP Ərazi təşkilatının sədri Zülalə Cəbiyevaya partiyanın Fəxri fərmanlarını təqdim edib.

Daha sonra İSİ YAP Ərazi təşkilatının sədri Zülalə Cəbiyeva çıxış edərək unudulmaz lider Heydər Əliyevin zəngin dövlətçilik siyasətindən bəhs edib. O, İSİ-də elm və təhsil sahəsində fərqlənən intellektual gənclərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasına sadiq qalmaları, partiyanın sıralarına qatılaraq ölkənin ictimai-siyasi həyatında iştirak etmələri istiqamətində görülən işlərdən danışıb. YAP sıralarına qatılmağı arzulayan gənclərdən söz açan Z.Cəbiyeva partiyaya işində uğurlar arzulayıb, tədbir iştirakçılarını yubiley münasibətilə təbrik edib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının ictimai və təşkilati işlərində fərqlənən əməkdaşlar İSİ-nin Fəxri fərmanı ilə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: