Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.11.2022 17:20
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda tələbələrə elmi tədqiqat aparmaq bacarıqları aşılanacaq

Aşqarlar Kimyası İnstitutunda tələbələrə elmi tədqiqat aparmaq bacarıqları aşılanacaq

AR Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq bu ali məktəbin Kimya mühəndisliyi ixtisası üzrə bir qrup III kurs tələbələrinə elmi tədqiqat bacarıqları aşılanacaq.

Bununla bağlı adıçəkilən ixtisas tələbələri ilə görüşdə institutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev bildirib. Onun sözlərinə görə, müşahidələr göstərir ki, digər universitetlər kimi ADNSU-da da təhsil alan bakalavr və magistr tələbələrə ixtisas fənnləri üzrə yüksək səviyyədə nəzəri biliklər verilir: “Praktik nöqteyi-nəzərdən həmin biliklərin tədqiqat laboratoriyalarında dərsədən sonra instituta gəlib təcrübə keçməklə möhkəmlənməsinə ehtiyac vardır. Ona görə qarşılıqlı razılıq əsasında tələbələr ayrı-ayrı laboratoriyalara təhkim ediləcək. Bundan ötrü əvvəlcə tələbələr iş prinsipi ilə tanış olmaq üçün ümumi şəkildə mövcud laboratoriyalara baxış keçirəcəklər. Onlar üçün institutda müasir və aktual mövzularda yerinə yetirlmiş fundamental və tətbiqyönlü tədqiqatlar və əldə olunan nəticələrlə bağlı maraqlı təqdimatlar ediləcək. Sonra onlar maraqlandıran laboratoriyalar üzrə kiçik qruplar şəklində bölünəcək”.

Ə.Sucayev qeyd edib ki, təcrübəkeçmə müddətində tələbələr laboratoriyada zərif üzvi sintez və funksional xassələrin tədqiqi zamanı istifadə olunan bütün cihaz və avadanlıqları ilə yaxından tanış olacaqlar, onların iş mexanizmini ilə əyani şəkildə mənimsəyəcəklər, daha sonra diplom, magistr işlərinin təcrübi hissəsinin yerinə yetirilməsində həmin avadanlıqlardan özləri sərbəst şəkildə istifadə edə biləcəklər.

İcraçı direktor bildirib ki, sonda fəallığı ilə seçilən tələbələrə diplom və iştirakçılara sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: