Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

MEK-də coğrafiyaşünas alim Ənvər Şıxlinskinin 755 adda kitabdan ibarət kolleksiyası mühafizə olunur
24.11.2022 09:25
  • A-
  • A
  • A+

MEK-də coğrafiyaşünas alim Ənvər Şıxlinskinin 755 adda kitabdan ibarət kolleksiyası mühafizə olunur

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) fondları bir sıra unikal nəşrlər və kolleksiyalarla zəngindir. MEK-in çoxsaylı kolleksiyaları sırasında coğrafiyaşünas alim, AMEA-nın müxbir üzvü Ənvər Şıxlinskinin kolleksiyasının xüsusi yeri var.

Alimin kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub və 755 adda kitabdan ibarətdir.  Nəşrlərin 26-sı Azərbaycan, 729-u isə rus dilindədir. Burada kənd təsərrüfatı elmləri, fizika-riyaziyyat, yer haqqında elmin müxtəlif sahələri - geologiya, coğrafiya, yerin fizikası, meteorologiya, biologiya, iqtisadiyyat, tarix, bədii ədəbiyyat, texnika, fəlsəfə, elm, tibb, sosiologiya və digər elm sahələrinə dair kitablar öz əksini tapıb. Bundan başqa kolleksiyanın tərkibində müxtəlif elmi konfranslara həsr olunmuş kitablar, elmi əsərlər, elm sahələrinə aid lüğətlər yer alır.

Qeyd edək ki, Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunub. Alimin “Azərbaycan SSR-in iqlim təsviri”, “Azərbaycan SSR-in atmosfer yağıntıları”, “Azərbaycanın iqlimi”, “Azərbaycan SSR-in istilik balansı” və başqa əsərləri mühüm əhəmiyyət kəsb edir. Onun “Azərbaycan SSR-in istilik balansı atlası” keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS-in) gümüş medalına layiq görülüb.

Alim, həmçinin respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını verib və bunu “Azərbaycan SSR-in coğrafiya atlası”nda (1949) çap etdirib. Ə.Şıxlinski “Sovet Azərbaycanı” fundamental əsərinin elmi rəhbəri, redaktoru və əsas müəlliflərindən biri olub. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır.

Alimin kolleksiyası MEK-in Azərbaycan dilində ədəbiyyat və mübadilə fondunda yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: