Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.11.2022 10:59
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları Şuşada keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları Şuşada keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış ediblər

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Tarixi yerlər və abidələr” IV Beynəlxalq Şuşa Simpoziumu keçirilib. Simpoziumun açılışı və plenar iclası Şuşa şəhərində Bülbülün Ev-Muzeyində baş tutub.

Azərbaycan, Türkiyə, İtaliya, Şimali Makedoniya, Gürcüstan, İran, Rusiya və digər dövlətlərdən 70-dən çox alim və tədqiqatçının qoşulduğu simpoziumda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları da iştirak edib, Şuşanın tarixi-mədəni irsinə dair mövzularla məruzə ediblər.

İnstitutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimova “Şuşalı yazarların tədqiqatçısı professor Kamran Məmmədov”, böyük elmi işçi Şəhla Xəlili “Şuşa: paleoqrafiya”, “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent Rübabə Şirinova “Xan qızı Natəvanın “Gül dəftəri” albomunda Şuşanın tarixi abidələri”, Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Xoşqədəm Mirzəyeva “Mirzə Xosrov Şaiqin yaradıcılığı haqqında qısa məlumat”, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Tahirə Əliyeva “Şuşanın bulaqları” mövzusunda məruzələrlə çıxış ediblər. Simpoziumda, həmçinin Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Lamiyə Rəhimova (konfransın elmi komitəsinin üzvü qismində), həmin şöbənin böyük elmi işçisi Aysel Acalova və Təhsil şöbəsinin müdiri Samirə Əliyeva da iştirak ediblər.

Tədbir boyunca simpozium iştirakçıları Şuşa şəhərinin tarix-memarlıq abidələrini ziyarət edib, Cıdır düzü və Molla Pənah Vaqifin məqbərəsi, İkimərtəbəli karvansaray, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Güllələnmiş heykəllər memorialı, Xurşidbanu Natəvanın evinin qalıqları, Gəncə qapısı və qala divarları ilə tanış olublar.

Simpoziumun sonunda qətnamə qəbul olunub, iştirakçılar sertifikatla təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: