Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Qərib Calalovun 85 yaşı tamam olur
28.11.2022 09:45
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qərib Calalovun 85 yaşı tamam olur

Azərbaycanın görkəmli geoloq alimi, AR Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun Lay sistemlərinin hidroqazdinamikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qərib Calalovun 85 yaşı tamam olur.

Calalov Qərib İsaq oğlu 28 noyabr 1937-ci ildə Şəki rayonunun Baş Göynük kəndində ziyalı ailəsində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

Q.Calalov 1967-ci ildə riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, 1991-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1992-ci ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Q.Calalov 1960-cı ilin oktyabr ayından AMEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (DNQYPİ) kiçik elmi işçi, mühəndis, böyük mühəndis, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində işləmişdir. Hazırda Azərbaycan Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunda Lay sistemlərinin hidroqazdinamikası şöbəsinin müdiridir.

Q.Calalov yeraltı hidrodinamika, neft və qaz yataqlarının işlənməsi elmi istiqamətlərinin müxtəlif sahələri üzrə tanınmış alimdir. Onun yarım əsrdən artıq fəaliyyəti deformasiya olunan böyük yatma dərinlikli məsaməli, çatlı və çatlı məsaməli neft və qaz yataqlarının kollektorlarında baş verən süzülmə proseslərinin hidroqazdinamiki modelləşdirilmə üsullarının elmi əsaslarının yaradılması, karbohidrogen yataqlarının işlənilməsi zamanı yüksək lay təzyiqi şəraitində süzülmə-tutum parametrlərinin identifikasiyasının nəzəri və  eksperimental üsullarla təyini, elmi nəticələrin praktikaya tətbiqi məsələləri ilə bağlıdır. Q.Calalovun bilavasitə iştirakı ilə ilk dəfə olaraq, ABŞ-ın “YUNOKAL” kompaniyası ilə müştərək çoxtəbəqəli neft yataqlarında süzülmə proseslərinin kompleks tədqiqinə imkan verən proqram paketləri yaradılmışdır.

Q.Calalovun fundamental tədqiqatlarının nəticələrinin əksəriyyəti müxtəlif illərdə keçmiş SSRİ və Azərbaycan Elmlər Akademiyalarının ən mühüm nəticələri sırasında öz əksini tapmışdır. O, 260 elmi əsərin, o cümlədən 6 monoqrafiyanın və 2 dərs vəsaitinin müəllifidir. Q.Calalov elmi nəticələri ilə bir çox beynəlxalq, keçmiş ittifaq və respublika miqyaslı konfrans, simpozium və seminarlarda məruzələrlə çıxış etmişdir.

Q.Calalovun mühəndis və yüksək ixtisaslı elmi kadrların hazırlanmasında böyük əməyi vardır.  Onun rəhbərliyi və elmi məsləhətçiliyi ilə 2 elmlər doktoru, neft və qaz yataqlarının işlənməsi və istismarı üzrə 12 fəlsəfə doktoru hazırlanmışdır. O, uzun illər Azərbaycan Dövlət Neft Akademiyasının Neft-qaz mədən geologiyası kafedrasında professor-müəllim kimi fəaliyyət göstərmişdir.

Q.Calalov uzun müddət AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) jurnalının məsul katibi, AMEA-nın Yer Elmləri Bölməsinin Redaksiya Nəşriyyat Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri seksiyasının elmi katibi və ekspert Şurasının üzvü,  AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibinin müavini vəzifələrində çalışmışdır.

Professor Q.Calalovun xidmətləri akademik İ.M.Qubkin adına mükafat, “Şöhrət” ordeni və “Əmək veteranı” medalı, 1997 və 2007-ci illərdə AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanları ilə və bir sıra digər fəxri fərmanlarla qiymətləndirilmişdir.

Qərib Calalovu 85 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

İbrahim QULİYEV, AMEA-nın vitse-prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: