Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.12.2022 10:24
  • A-
  • A
  • A+

Elm və təhsil naziri Emin Əmrullayev İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanış olub

Elm və təhsil naziri Emin Əmrullayev İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti ilə tanış olub

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev İnformasiya Texnologiyaları İnstitutunda olub. Nazir institutun AzScienceNet, Tədris-İnnovasiya Mərkəzi, Multimedia Texnologiyaları Mərkəzi, Elektron Kitabxana Mərkəzi, bu mərkəzlərin iş şəraiti ilə tanış olub, eyni zamanda institut əməkdaşları ilə fikir mübadiləsi aparıb.

Görüş zamanı AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev nazirə institutun yaranma və inkişaf tarixi, burada həyata keçirilən innovativ layihələr və prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar haqqında məlumat verib.

Akademik R.Əliquliyev 1971-ci ildə fəaliyyətə başlayan institutun İKT-nin müasir problemlərinə dair multidissiplinar elmi tədqiqatlar aparan bir qurum olduğunu, burada informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını bildirib.

Son zamanlar institutun əldə etdiyi nailiyyətlərdən bəhs edən akademik burada IV Sənaye inqilabının və dünyanın qlobal çağırışlarını, öl­kəmizin milli və strateji maraqlarını özündə ehtiva edən elmi tədqiqatların aparıldığını söyləyib. Baş direktor institutun ölkədə gedən rəqəmsal transformasiyalar prosesində fəal iştirak etdiyini, innovativ və qabaqcıl texnologiyalara əsaslanan dövlət siyasətinə dəstək verdiyini diqqətə çatdırıb.

Alim AzScienceNet elm-kompüter şəbəkəsinin fəaliyyətindən də bəhs edərək qeyd edib ki, Azərbaycan elmi və təhsilinin Avropa mühitinə inteqrasiyasının təmin edilməsində virtual körpü rolunu oynayan AzScienceNet şəbəkəsi AMEA-nın bütün elmi müəssisə və təşkilatlarına qabaqcıl şəbəkə xidmətlərini təqdim edir.

“Azərbaycan 2010-cu ildən GEANT Assosiasiyasında AzScienceNet şəbəkəsi vasitəsilə təmsil olunur. Eyni zamanda İnformasiya Texnologiyaları İnstitutu Avropa Komissiyasının maliyyələşdirdiyi və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect: Eastern Partnership Connect” layihəsinin fəal iştirakçılarındandır”, - deyə akademik vurğulayıb.

Baş direktor, həmçinin nəzərə çatdırıb ki, son 3 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilib.

Akademik R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun ölkənin müxtəlif ali məktəbləri ilə əməkdaşlıq etdiyini, həmin təhsil müəssisələrinə elmi-metodiki dəstək göstərildiyini söyləyib.  Əlavə edib ki, Tədris-İnnovasiya Mərkəzində müvafiq ali məktəblərin tələbələrinə institutun mütəxəssisləri tərəfindən informasiya təhlükəsizliyi, proqramlaşdırma dilləri, kompüter qrafikası, veb-texnologiyaları kimi fənlərin tədrisi həyata keçirilir.

Görüş çərçivəsində, həmçinin Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanı”ndan irəli gələn vəzifələrin icrası istiqamətində müzakirələr aparılıb. Elm və təhsil naziri E.Əmrullayev Azərbaycanda aparılan kompleks islahatlar kontekstində elm sahəsində həyata keçirilən tədbirlər, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların yetişdirilməsi, elmi fəaliyyətin səmərəsinin yüksəldilməsi, müvafiq sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində öz fikir və mülahizələrini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: