Qazaxıstan Botanika və Fitointroduksiya İnstitutunun rektoru, akademik Gülnara Sitpayeva və institutun alimləri ETN Dendrologiya İnstitutunun qonağı olublar.
Dendrologiya İnstitutunun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova institutun digər alimlərinin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi barədə müzakirələr aparıb.
Görüşdə institutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və yenidənqurma işləri barədə məlumat verilib.
İnstitutun rektoru, akademik Gülnara Sitpayeva və qazaxıstanlı alimlər institutun yeni binası və laboratoriyaları ilə tanış olub. O, Herbari Fondunda saxlanılan yerli floraya aid nümunələrin toplanması və hazırlanması, onların saxlanılma şəraiti üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstərib. Dendrologiya İnstitutunun rəhbəri Minarə Həsənova İnstitutun keçmiş direktoru AMEA-nın müxbir üzvü Tofiq Məmmədov haqqında danışıb. Qeyd edib ki, T.Məmmədovun səyi ilə 2005-ci ildə İnstitut Dünya Botanika Bağlarının, 2007-ci ildə isə Amerika Botanika Bağları Cəmiyyətinin üzvü seçilib. Alim Bolqarıstan “Paleobotanika” jurnalının, MDB ölkələri üzrə Botanika Bağlarının, eyni zamanda Qafqaz üzrə Botanika Bağları Ekspert Şurasının, Türkiyə Kahramanmaraş Sütçü İmam Universiteti Təbiət Elmləri jurnalının ekspert komissiyasının, “Hortus Botanicus” jurnalının redaksiya heyətinin üzvü, MDB ölkələri Botanika Bağları Cəmiyyətinin Azərbaycan üzrə sədri olub. O, tanınmış alim, bacarıqlı insan Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanması ilə bağlı göndərilən ezamiyyə zamanı həyatını faciəli şəkildə itirdiyini vurğulayıb.
Daha sonra, Qazaxıstanlı alimlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq hər 10 ildən bir nəşri nəzərdə tutulan Azərbaycan Respublikasının “Qırmızı kitab”ı ilə tanış olublar. Alimlər "Qırmızı Kitab"ın III nəşrindəki nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki: 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibya, 5 yosun; 37 göbələk), III nəşrə daxil edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından nadir və nəsli kəsilmək təhlükəsində olan növlər haqqında məlumatlarla tanış olublar.
Sonda alimlər müəyyən mövzular və müxtəlif botaniki problemlər ətrafında geniş müzakirələr aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.