Yaponiyanın Sapporo Tibb Universiteti Tibb Elmləri Məktəbinin anatomiya professoru Hirofumi Matsumura “Kəllə-sima dəyişkənliyinin əsasında insanın anatomik məskunlaşma formasını anlamaq üçün iki təbəqəli model rekonstruksiyası” (Reconstruction of Two Layer Model to understand Anatomical Model Human (AMH) dispersal based on human craniofacial variability) layihəsi çərçivəsində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Elmi Fondunda olub.
Beynəlxalq layihənin əsas məqsədi iqlimə uyğunlaşma nəticəsində insanın kəllə-sima quruluşunun dəyişmə dinamikasını tədqiq etməkdir. Bu dəyişkənliyin qanuna uyğunluqlarının araşdırılması ovçu-yığıcıların və daha sonra əkinçi-maldarların yer üzünə yayılaraq, yeni ərazilərdə məskunlaşmasını, özlərindən əvvəlki əhali ilə qarşılıqlı təsirlərini öyrənmək baxımından böyük əhəmiyyət daşımaqdadır.
İnstitutun Elmi Fondunda müxtəlif dövrlərə aid insan kəllə sümükləri toplandıqdan sonra Traseoloji və eksperimental arxeoloji laboratoriyada bərpa işləri və 3D geometrik-morfоmetrik çəkilişlər aparılmışdır.
Yaponiyalı mütəxəssisi Hacettepe Universitetinin Antropologiya bölməsinin rəhbəri professor, doktor Yılmaz Selim Erdal müşayiət edib.
Tədqiqatda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.