Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.12.2022 17:08
  • A-
  • A
  • A+

MEK-də “Heydər Əliyev siyasi irsinin fəlsəfəsi” adlı lektoriya keçirilib

MEK-də “Heydər Əliyev siyasi irsinin fəlsəfəsi” adlı lektoriya keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyev lektoriyasının “Heydər Əliyev siyasi irsinin fəlsəfəsi” mövzusunda növbəti məşğələsi keçirilib.

İştirakçılar əvvəlcə MEK-in foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan elminin görkəmli nümayəndələri, millət vəkilləri, təhsil işçiləri, icra hakimiyyətinin nümayəndələri, oxucular, BDU-nun tələbələri, o cümlədən AMEA-nın Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov da iştirak ediblər.

MEK-in baş direktoru, professor Məmməd Əliyev lektoriyadakı çıxışı zamanı, Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətlərdən olduğunu vurğulayıb. Ulu Öndərin qətiyyətli mövqeyi və zəngin irsinin öyrənilməsini hər bir tədqiqatçının, alimin ən ümdə vəzifə olduğunu qeyd edib.

Çıxışı zamanı baş direktor “Heydər Əliyev İli” çərçivəsində MEK tərəfindən görüləcək işlərə də nəzər salıb. 2023-cü il ərzində Heydər Əliyevin kəlamlarından ibarət kitabın, biblioqrafik göstəricinin, həmçinin dahi liderə həsr olunmuş 100 məqalənin sərbəst elektron resursda yerləşdiriləcəyi barədə də məlumat verib.

YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun mövzu ətrafında geniş məruzəsi dinlənilib. Ş.Əsgərov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev nəinki güclü bir rəhbər, həm də dərin fəlsəfi düşüncəyə sahib bir şəxsiyyət olub və vaxtilə dahi liderin söylədiyi kəlamları fəlsəfi baxımdan təhlil edib.

Məruzəçi qeyd edib ki, Heydər Əliyevin dövlətçilik fəaliyyətindəki zəngin irsi ölkəmizin bugünkü və gələcək inkişafı üçün möhkəm təməlin əsas fundamenti kimi artıq öz təzahürünü tapıb. “Xalqımızın müzəffər oğlu - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünkü hər addımı, Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi, dövlətçilik və siyasi fəlsəfəsinin uğurlu davamıdır. 44 günlük müharibədə qazanılan möhtəşəm Zəfər bunun bariz nümunəsidir”, - deyə professor Şahlar Əsgərov qeyd edib.

Lektoriyada millət vəkili Vüqar İskəndərovun, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, Əməkdar müəllim, professor İradə Hüseynovanın, BDU YAP ərazi təşkilatının sədri, professor Zahid Cəfərovun, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərovun, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətlinin mövzu ətrafında çıxışları dinlənilib. Çıxışlarda Heydər Əliyevin şəxsi keyfiyyətlərinə nəzər salınıb, dövlət quruculuğu ilə birgə milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına, inkişaf etdirilməsinə öz dövlətçilik fəaliyyətinin tərkib hissəsi kimi baxan yenilməz bir Lider kimi xarakterizə edilib.

Sonda, MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən təşkil edilən Ulu Öndərin siyasi irsinə dair zəngin kitab sərgisinə baxış keçirilib, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqının həyatında misilsiz xidmətlərindən bəhs edən video nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: