AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Şuşa şəhərinin İslam Əməkdaşlıq Təşkilatının Gənclər paytaxtı seçilməsinə həsr olunmuş “İslam mədəniyyətinin incisi Şuşa - gənc dilçi alimlərin tədqiqatlarında” adlı elmi sessiya keçirilib.
Tədbirin açılış nitqini AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli edərək tədbir iştirakçılarını salamlayıb.
Sonra Xəzər Universiteti Dillər və Ədəbiyyatlar departamentinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qəmbərli, Türk dilləri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Dilbər Camali, toponimika şöbəsinin kiçik elmi işçisi Ayşən İsmayıllı, uyğun olaraq “Azərbaycan dilinin dialekt sistemində Şuşa şivəsinin mövqeyi”, “Şuşalı ziyalılar”, “Qarabağın incisi Şuşa” mövzularında məruzə ilə çıxış ediblər.
Daha sonra Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru İlhami Cəfərsoy, Toponimika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov, Nəsimi adına Dilçilik İnstitutu Həmkarlar Təşkilatının sədri, Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Qətibə Mahmudova çıxış edərək Azərbaycanın incisi Şuşa şəhərinin cari il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsinin əhəmiyyətindən, Şuşa ilə bağlı xatirələrindən danışıblar.
Sonda çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Arzu İsgəndərzadə Şuşanın işğaldan azad edilməsində və zəfərdən sonrakı dövrdə bərpa-yenidənqurma işlərində, innovativ layihələrin icrasında gənclərin rolundan bəhs edib, Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlərin əhəmiyyətini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.