Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2024 19:51
  • A-
  • A
  • A+

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

İctimai Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib

Oktyabrın 18-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Akademik Gövhər Baxşəliyeva iclasda fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin   “Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)” mövzusunda məruzəsinin dinləniləcəyini bildirib və vurğulayıb ki, bu gün işğaldan azad olunmuş bölgələrimizdə epiqrafiq abidələrin öyrənilməsi çox ciddi və aktual məsələdir. Akademik qeyd edib ki, bölgənin epiqrafiq abidələrinin öyrənilməsi xalqımızın qədim adət-ənənələri, yaşayış tərzləri, mədəniyyəti barədə məlumat əldə etməyimizə imkan verir, eyni zamanda bu ərazinin əzəli və əbədi olaraq xalqımıza məxsus olduğunu bir daha sübut edir.

İclasda AMEA-nın İctimai Elmlər Bölməsi üzrə 2024-cü tədris ili üçün fəlsəfə və elmlər doktoru üzrə dissertantura və doktoranturaya qəbulun nəticələri müzakirə olunub. Akademik Gövhər Baxşəliyeva bölmə üzrə elmi tədqiqat müəssisələrində keçirilən qəbulun nəticələrini açıqlayıb. Sonra doktorant və dissertantların mövzuları, elmi rəhbərləri müzakirə edilərək AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Sonra 2025-ci il üçün doktorantura və dissertanturaya qəbul planına dair təkliflər müzakirə edilib  və  AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Akademik Gövhər Baxşəliyeva qəbul planına elmi tədqiqat müəssisələrinin daha çox ehtiyac duyulan ixtisaslarının ayrılmasını vurğulayıb.

O cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icra vəziyyəti, həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi kimi məsələlər müzakirə edilib.

Daha sonra akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “Şuşanın yazılı abidələri (ictimai-mədəni və tarixi proseslər kontekstində)” mövzusunda məruzəsi dinlənilib.

Fəlsəfə üzrə fəlsə doktoru Elnur Mustafayev Azərbaycan ərazisində mövcud olan yazılı abidələrin xüsusiyyətləri, kitabələrə həkk olunmuş mətnlərin dili, məzmunu və linqvistik üslubları haqqında ətraflı məlumat verib, işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən erməni vandalizmi nəticəsində maddi-mədəni irsimizə dəymiş zərərlər haqqında informasiyaları diqqətə çatdırıb.

Məruzə Şuşa şəhərində inşa edilmiş tarixi abidələrə aid inşaat kitabələri və yazılardakı şəhərdə mövcud olan elmi-mədəni mühitlə bağlı mövzuları əhatə edib. Epiqrafik abidələrin tədqiqinin elmi əhəmiyyətindən danışan məruzəçi Məşədi Şükür Mirsiyab oğlunun karvansarasında və Yuxarı Gövhər Ağa məscidinin fasad görünüşündə, eləcə də giriş qapısının ətraflarında olan kitabələrdə yazılanlar, burada elm, təhsil, tarix və mədəni proseslər haqqında ətraflı bəhs edib.

Məruzədə 1905-1906-cı illərdə mütəşəkkil erməni silahlı qüvvələrinin Azərbaycanın müxtəlif şəhər və bölgələrində dinc azərbaycanlı müsəlman əhaliyə qarşı törətdiyi kütləvi qırğınlardan söhbət açılıb, bu soyqırımların baş verdiyi şəhərlərdən birinin də Şuşa olduğu qeyd edilib. Elnur Mustafayev 2022-ci il iyun-iyul aylarında elmi-tədqiqat məqsədi ilə Şuşa şəhərinə ziyarət edərkən aşkarladığı epiqrafik abidələrdə bu dəhşətli cinayətlərin əks olunduğunu müəyyən edib. Belə ki, onun aşkarladığı bəzi məzar daşlarında ərəb və fars dillərində ermənilərin azərbaycanlı dinc müsəlman əhalini qətlə yetirdiyi haqda məlumatlar həkk olunub. Məruzəçi onuda bildirib ki, epiqrafik abidələr, ümumilikdə maddi-mədəni irs aid olduğu ərazinin və orada yaşayan əhalinin tarixini, eyni zamanda onların həmin ərazilərdə mövcudluğunu isbat edən ən mühüm sübutlardan biri hesab olunur. Bununla yanaşı, daş kitabələr dövrünün milli, dini, mədəni, ictimai düşüncə tərzini, həmçinin cərəyan edən hadisələri öyrənmək üçün ən yaxşı vasitələrdən biridir. Gələcək nəsillərə tarixi irsimiz və əsrlər boyu təşəkkül tapmış zəngin mədəniyyətimiz haqqında daha geniş məlumatları ötürmək üçün bu qəbildən olan abidələr böyük əhəmiyyətə malikdir.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Sonra AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun 55.05.02 - Arxeologiya ixtisasından fəlsəfə doktoru istiqaməti üzrə II il əyani doktorantı Sədaqət Məmmədlinin elmi rəhbəri tarix elmləri doktoru Şahin Fərzəliyevin (vəfatı ilə əlaqədar) akademik Nərgiz Axundova ilə əvəz olunması haqqında, eləcə də akademik Baxşəliyeva Gövhər Bax­şə­li qızının 70, AMEA-nın müxbir üzvü Məsumə Məlikovanın isə 95 illik yubileyləri haqqında qərarlar qəbul edilib.

Filologiya elmləri doktoru, professor Mehdi Kazımov 70 illik yubileyi ilə əlaqədar AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: