Folklor İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamilov doktorant və dissertantlar üçün mühazirə oxuyub.
“Azərbaycan folklorunun toplanılıb nəşr olunması tarixindən” mövzusunda olan mühazirədə bildirilib ki, Azərbaycanda folklor mətnlərinin pasportlaşdırılması tarixi Avropadakından daha qədimdir. Azərbaycanın ilk folklor toplayıcısı X-XI əsrlərdə yaşayıb yaratmış şair və filosof Baba Kuhi Bakuvidir. O, Xorasan vilayətindən Həllac Mənsur haqqında rəvayətləri toplayaraq pasportlaşdırmışdır.
Tədqiqatçı Azərbaycan folklorunun toplanılması tarixinin sonrakı mərhələlərindən, xalqımıza məxsus zəngin şifahi söz sərvətinin toplanılması və nəşri istiqamətində Əhliman Axundov, Hümmət Əlizadə, Hənəfi Zeynallı, Məhəmmədhüseyn Təhmasib kimi folklorşünasların xidmətlərindən də söz açıb.
Mühazirə auditoriyanın marağına səbəb olub, mövzu ilə bağlı suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.