Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.12.2022 17:42
  • A-
  • A
  • A+

AMEA-da akademik Ömər Eldarovun 95 illik yubileyi qeyd olunub

AMEA-da akademik Ömər Eldarovun 95 illik yubileyi qeyd olunub

Dekabrın 26-da AMEA-nın Əsas binasında görkəmli heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, “Heydər Əliyev” ordeni laureatı, akademik Ömər Eldarovun 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Əvvəlcə iştirakçılar Xalq rəssamının əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq ömrünün 70 ilindən çoxunu heykəltəraşlıq sənətinə həsr etmiş ustad sənətkar Ömər Eldarovun zəngin yaradıcılıq yolundan danışıb. O, ölkəmizdə heykəltəraşlıq məktəbi yaratmış akademik Ömər Eldarovun yaradıcılığında Azərbaycan və dünya heykəltəraşlıq məktəbinin ən mükəmməl elementlərinin öz əksini tapdığını diqqətə çatdırıb.

“Ömər Eldarovun hər bir əsəri azərbaycançılıq abidəsidir”, - deyən akademik İsa Həbibbəyli bildirib ki, görkəmli heykəltaraşın əsərlərində Azərbaycanın mövqeyi, yeri və ruhu yaşayır. AMEA rəhbəri dahi sənətkarın Azərbaycan heykəltaraşlıq sənətində dövlətçilik təfəkkürünü ön mövqeyə çəkməyi ilə seçildiyini qeyd edib. Bildirib ki, Ömər Eldarovun yaradıcılığının əsas xüsusiyyətlərindən biri də Azərbaycan heykəltaraşlıq sənətinə “düşünən heykəllər” silsiləsini gətirməsidir.

AMEA prezidenti akademik Ömər Eldarovun əsərlərinin keyfiyyət və kompozisiya baxımından seçildiyini, bir çox əsərlərinin “abidə ansamblı” təəssüratı yaratdığını vurğulayıb. Əlavə edib ki, ustad sənətkar əsərlərində bir rəssam dəqiqliyi ilə yaratdığı obrazın cizgilərini, psixologiyasını əks etdirməyi bacarır, lirika ilə fikrin vəhdətinə nail olmağa müvəffəq olur.

Akademik İsa Həbibbəyli qeyd edib ki, heykəltaraşın ərsəyə gətirdiyi möhtəşəm sənət əsərləri hər zaman Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib, onun sənətinə dövlət səviyyəsində böyük qiymət verilib və o, ən ali mükafatlara layiq görülüb. Alim vurğulayıb ki, Prezident İlham Əliyevin bu yaxınlarda Ömər Eldarovu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etməsi müstəqillik dövründə Azərbaycan Respublikasında sənətkarlara göstərilən qayğının bariz nümunəsidir.

“Xalqımız Azərbaycan heykəltaraşlıq sənətini dünya səviyyəsinə qaldıran Ömər Eldarov kimi bir sənətkarı olduğu üçün xoşbəxtdir”, - deyə bildirən İsa Həbibbəyli ümumxalq məhəbbəti və hörməti qazanmış Ömər Eldarovun akademik kimi uğurlu fəaliyyətindən də bəhs edib.

AMEA prezidenti ustad sənətkar Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib, görkəmli heykəltəraşa Akademiyanın Fəxri fərmanını və xüsusi hədiyyəni təqdim edib.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar görkəmli sənətkarın yaradıcılığında yazıçıların heykəllərinin sayca çox olması ilə seçildiyini bildirib.  O, bütün mənalı ömrü boyu məhsuldar yaradıcılıqla məşğul olmuş Ömər Eldarovun heykəltəraşlıq sahəsində yaratdığı sənət nümunələrinin dünyanın bir çox muzeylərində layiqli yerini tutduğunu qeyd edib.

Xalq yazıçısı Anar Ömər Eldarovun Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçildiyini deyərək, Birliyin fəxri üzvlük vəsiqəsini ona təqdim edib.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Görkəmli heykəltaraş, akademik Ömər Eldarov” mövzusunda məruzə ilə çıxış edib.

Ömər Eldarovun müstəqillik illərindəki fəaliyyətinə nəzər salan məruzəçi ustad sənətkarın milli mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərindən danışıb, Ömər Eldarovun obrazları tamaşaçıya böyük müvəffəqiyyətlə təqdim etməyi bacaran nadir heykəltaraş olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı, professor Fuad Salayevin “Ömər Eldarovun həyat və yaradıcılığı”, Memarlıq və İncəsənət İnstitutunun Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsinin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülrəna Mirzənin “Ömər Eldarovun yaradıcılığında memorial abidələr” mövzusunda məruzələri dinlənilib.

Elmi sessiyada Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov və digər çıxış edənlər Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında böyük xidmətləri olan Ömər Eldarovun çoxşaxəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən danışıb, sənətkarı təbrik ediblər.

Sonda yubilyar Azərbaycanda incəsənətin dərin köklərə malik olduğunu söyləyib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: